Xəbərlər
Əli Əhmədov: Heydər Əliyevin tarixi qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması sahəsində möhtəşəm siyasətin həyata keçirilməsinin başlanğıcı oldu
«Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra ilk illərdə milli dövlətçiliyin yarana bilməməsi, həm də lazımi təməl prinsiplərinin olmaması ilə izah edilməlidir. Gənc, müstəqli Azərbaycan dövlətinin təməl prinsiplərinin müəyyən edilməsi də, həmin prinsiplər əsasında yeni dövlətin qurulması da tarixi missiya kimi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəsna xidməti kimi tariximizə yazılmış oldu». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin elan olunması cəmiyyətdə bir sıra qorxulu meyillərin tüğyan etdiyi dövrə təsadüf edirdi. Belə təhlükəli meyillərdən biri, “suverenlik paradı” adını almış yanlış müstəqillik dünyagörüşünə əsaslanan separatçılıq hərəkatı idi. Hər hansı obyektiv əsas və səbəb olmasa da, separatçılıq Azərbaycandan yan keçməmişdi. Onun sözlərinə görə, hakimiyyətdə təmsil olunanların dardüşüncəliliyi və siyasi prosesləri düzgün qiymətləndirə bilməmələri həmin meyillərin genişlənməsinə və təhlükəli parametrlər kəsb etməsinə bir növ zəmin hazırlayırdı. Cəmiyyətə birlik və monolitlik naminə ümumi birləşdirici ideya təqdim edilməmişdi ki, bundan da separatçılar ustalıqla qidalanırdılar.
«Heydər Əliyevin tarixi qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması sahəsində möhtəşəm siyasətin həyata keçirilməsinin başlanğıcı oldu. Onun rəhbərliyi altında həyata keçirilən çoxşaxəli layihələr sırasında cəmiyyətin tolerantlıq kimi təməl prinsipinin formalaşdırılması ayrıca qeyd olunmağa layiqdir. Heydər Əliyevin dövlət quruculuğu strategiyasında tolerantlıq cəmiyyətin birliyi və monolitliyinin təmin edilməsinin fundamental əsası olmaqla yanaşı, eyni zamanda onun müasir dəyərlər sistemini mənimsəməsinin, müasir imicinin bərqərar olmasının mühüm parametri qismində çıxış edir. Heydər Əliyev Ona xas olan müdriklik və uzaqgörənliklə başa düşürdü ki, Azərbaycan kimi tarixən çoxmillətli və çoxkonfessiyalı milli-mənəvi struktura malik olan ölkənin həyat qabiliyyəti onun milli və dini dözümlülük xarakterindən bilavasitə asılıdır. Vaxtilə cəmiyyətə “xalqlar dostluğu”, “beynəlmiləlçilik” adları ilə təqdim olunan dini-etnik-mənəvi hadisə yenicə qurulan müstəqil dövlətin təməl prinsiplərindən biri kimi, lakin mahiyyətcə fərqli ideya formasında təqdim edilirdi. Tolerantlıq şəraitində istənilən dini və ya etnik birliyin nümayəndəsi öz kimliyi zəminində inkişaf etmək, cəmiyyətə daşıdığı milli və dini dəyərləri sistemi ilə birlikdə töhfə vermək, özünəməxsusluğunu qoruyub saxlamaq imkanlarına sahibdir. Bu imkanlar, hər şeydən əvvəl, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan Azərbaycan Respublikasının Konstitusiyasında tanınmışdır. Əsas Qanunun 25-ci maddəsində qeyd olunur: “Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən... asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini,... mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır”. Qeyd etmək önəmlidir ki, multikulturalizm anlayışı yalnız Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarının bərabərliyi ilə kifayətlənmir. Cəmiyyətdə qərarlaşmış dəyərlər sistemi, müxtəlif mədəniyyətlərin mövcudluğu və inkişafı üçün rəsmi siyasət səviyyəsi ilə yanaşı, insanlararası münasibətlər müstəvisində əlverişli mühitin təmin edilməsi də öz növbəsində, multikulturalizmin fundamental şərtləri sarasında yer tutmaqdadır»- deyə, YAP Sədrinin müavini vurğulayıb.