Xəbərlər
Xələf Xələfov: Beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməsi vacibdir
Beynəlxalq hüququn təməl norma və prinsiplərinə, o cümlədən ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət beynəlxalq və regional təhlükəsizliyin, sabitliyin əsasını təşkil edir.
Bu fikri Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Pekində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) xarici işlər nazirlərinin 5-ci iclasında deyib.
X.Xələfov AQEM-in dünyada və regionda təhlükəsizliyin və sabitliyin təminatındakı roluna toxunaraq bildirib ki, Azərbaycan təşkilatın terrorizmin, separatizmin və ekstremizmin bütün hallarına qarşı olan mövqeyini yüksək qiymətləndirir. Bununla bərabər, hesab edirik ki, bu təhdidlərə qarşı gücləri birləşdirmək və birgə mübarizə aparmaq vacibdir.
Nazir müavini xatırladıb ki, AQEM-in 2014-cü ildə Şanxay Zirvə toplantısının bəyannaməsində və ondan əvvəl 2012-ci ildə Astanada nazirlər konfransının yekun sənədində Ermənistan və Azərbaycan arasında davam edən münaqişənin beynəlxalq sülhə və təhlükəsizliyə təhdidi ilə bağlı narahatlıq əksini tapmış, üzv ölkələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduqlarını bəyan etmişdilər.
BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı qəbul etdiyi 4 qətnamənin erməni tərəfinin əməllərinə birmənalı beynəlxalq hüquqi qiymət verdiyini diqqətə çatdıran X.Xələfov əlavə edib ki, Ermənistan bu sənədlərin tələblərinə məhəl qoymayaraq, silah gücünə işğal etdiyi ərazilərdə özünün hərbi potensialını gücləndirməyə, status-kvonu saxlamağa davam edir. Ermənistanın suveren ölkənin işğal altındakı ərazilərində hərbi mövcudluğu regional sülhə və sabitliyə təhdid olaraq qalır. Aprelin əvvəlində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranmış gərginlik məhz işğalçı siyasətin təhlükəli olduğunu bir daha xatırlatdı.
Nazir müavini bir daha bəyan edib ki, münaqişənin həlli yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində mümkündür. Azərbaycan münaqişənin bu əsaslarla sülh yolu ilə həllinə tərəfdardır. Beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməsi vacibdir.