YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası sosial-iqtisadi inkişaf üçün yeni imkanlar yaradır

Dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə anti-böhran tədbirləri həyata keçirilir, görülən işlər barədə ictimaiyyət müntəzəm məlumatlandırılır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Neftçaladakı Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyevin əhalinin məşğulluğunun təmin edilməsi, insanların sosial müdafiəsinin gücləndirilməsi, dinamik iqtisadi inkişaf və regionların potensial imkanlarının hərəkətə gətirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr müzakirə olunub.

Tədbirdən əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev Neftçalada görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Bildirilib ki, dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində rayonda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılıb. Hazırda sənaye məhəlləsinin tikintisi uğurla davam etdirilir və may ayında inşaat işlərinin yekunlaşacağı gözlənilir. Layihə çərçivəsində sənaye məhəlləsində fəaliyyətə başlayacaq müəssisələrdə ixracyönümlü məhsulların istehsalı da nəzərdə tutulur.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr barədə məlumat verib. Bildirib ki, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanıqlılığını təmin edib. Büdcə gəlirlərinin azalmasına baxmayaraq, əhalinin sosial müdafiəsi gücləndirilir. Bir sıra sahələrdə çalışan işçilərin maaşları, pensiyalar və sosial müavinətlər artırılıb. Görülən işlər, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində dövlətimizin başçısı tərəfindən qəbul olunan qərarlar özəl sektorun inkişafında mühüm əhəmiyyət kəsb edir.

Qarşılıqlı dialoq şəraitində keçən görüşdə Elman Rüstəmov onu da qeyd edib ki, Neftçalanın sosial-iqtisad inkişafı ilə bağlı layihələrin icrasında Mərkəzi Bank rayonla əməkdaşlığa hazırdır.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə görüşdə çıxış edərək Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasının ölkədə, eləcə də Neftçalada sosial-iqtisadi inkişaf üçün yaratdığı yeni imkanlardan danışıb.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb, bir sıra təkliflər səslənib.

Çıxış edən ictimaiyyət nümayəndələri regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Görüş başa çatdıqdan sonra Elman Rüstəmov jurnalistlərin suallarını cavablandırıb.