Xəbərlər
“Cənub qaz dəhlizi” Avropa İttifaqının təbii qaza olan tələbatının 20 faizini ödəyəcək
Türkiyənin İqtisadi İnkişaf Fondunun (İKV) sədri Ayhan Zeytinoğlu ölkənin tarixində ən böyük təbii qaz boru kəməri layihəsi olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Avropa İttifaqının (Aİ) mənbə və marşrutunun şaxələndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi “Cənub qaz dəhlizi”nin mühüm bir hissəsi olduğunu deyib.
A.Zeytinoğlu deyib: “Türkiyə və Aİ üçün enerji təhlükəsizliyi və TANAP-ın inkişafı olduqca əhəmiyyətlidir. 2018-ci ildə tamamlanması nəzərdə tutulan TANAP ilə ildə təxminən 16 milyard kubmetr təbii qaz daşınacaq və bunun 10 milyard kubmetri Avropaya çatdırılacaq. “Cənub qaz dəhlizi” isə Aİ-nin təbii qaza olan tələbatının 20 faizini təmin edəcək.
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri (CQBK) və TAP boru kəmərinə birləşərək “Cənub qaz dəhlizi”nin əsas hissəsini təşkil edən TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 850 kilometr olacaq. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı nəql edəcək TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.