Xəbərlər
Müdafiə Sənayesi Nazirliyində məhsul istehsalının həcmi 2010-cu illə müqayisədə 3,1 dəfə artıb
Müdafiə Sənayesi Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclasında nazir Yavər Camalov 2015-ci ilin MSN üçün də yaddaqalan olduğunu bildirib. Diqqətə çatdırıb ki, ötən ay yaradılmasının 10 illiyi qeyd olunan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müasir növ atıcı silahlar, döyüş sursatları, mühəndis texniki vasitələri və s. müdafiə təyinatlı məmulatlar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib. Məmulatların yaradılması istiqamətində aparılan məqsədyönlü işlər nəticəsində yüzlərlə məhsulun mənimsənilməsinə və silahlanmaya qəbul edilməsinə nail olunub. Nəticədə 2015-ci ilin yekunlarına görə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi ötən illərlə müqayisədə dəfələrlə artıb.
Bildirilib ki, 2015-ci ilin istehsal proqramına uyğun olaraq nazirliyin müəssisələrində yaradılması üzrə nəzərdə tutulan 81 mövzunu və 143 mərhələni əhatə edən təcrübi-konstruktor işləri uğurla davam etdirilib. Yeddi mövzu üzrə təcrübi-konstruktor işləri tam başa çatdırılıb, 11 məmulatın istehsalı mənimsənilib, silahlanmaya tövsiyə olunaraq seriyalı istehsalı təşkil edilib. Ümumilikdə, mövzular üzrə 45 mərhələ tam yerinə yetirilib.
Qeyd edilib ki, 2015-ci ildə ümumi məhsul istehsalının həcmi 2010-cu illə müqayisədə 3,1 dəfə, müdafiə təyinatlı məmulatların istehsal həcmi isə 2,3 dəfə artıb. Mülki məmulatların istehsalında illik proqnoza 106,1 faiz əməl olunub. İstehsalı mənimsənilmiş mülki məhsullardan - əleyhqazı, 12 kalibrli ov tüfənglərini və onların patronlarını, müxtəlif tutumlu akkumulyator batareyalarını və termosları, maskalanma torunu, DVB-T peyk dekoderini, müxtəlif laylı çap lövhələrini, plastik taraları, parket məmulatını, müxtəlif mebel dəstlərini, traktor tırtılını və s. göstərmək olar.
Bildirilib ki, MSN-in müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 2009-cu ildən beynəlxalq sərgilərdə nümayiş etdirilir və böyük maraqla qarşılanır. MSN bu günə qədər 15 beynəlxalq sərgidə təmsil olunub. Nazirliyin təmsil edildiyi digər beynəlxalq sərgilərdə olduğu kimi, ötən ilin mayında Türkiyədə keçirilən “İDEF-2015” sərgisində də nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb. Bu sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s. olmaqla 184 adda məmulat nümayiş etdirilib.
Müdafiə Sənayesi Nazirliyində 2016-cı ildə Bakıda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sərgisi ilə bağlı hazırlıq işləri də davam etdirilir. Artıq 100-dən çox beynəlxalq şirkət sərgidə iştirak üçün qeydiyyatdan keçib.