Xəbərlər
Aydın Mirzəzadə: Həmsədrlərin bəyanatı həm beynəlxalq hüquqa, həm də diplomatik etikaya çox zidd addımdır
«ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı cəmiyyətimizdə təəccüb doğurur. Əslində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə cavabdeh olan üç dövlətin nümayəndələri heç də problemin həllinə yönəlməyən bəyanat verdilər. Onlar problemin həllini monopoliyaya götürdüklərini iddia edirlər, sanki onlardan başqa heç kim bu məsələni müzakirə edə və həllinə çalışa bilməz». Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bildirib ki, əgər həmsədrlər münaqişənin həlli ilə bağlı nəticələr əldə etsəydi, Azərbaycan ictimayyəti bu monopoliyanı onlara verə bilərdi. Amma münaqişənin başlamasından uzun illər keçsə də, onun həlli istiqamətində hər hansı irəliləyiş yoxdur.
«Ermənistan torpaqlarımızı işğal altında saxlasa da, həmsədr dövlətlər onu işğalçı kimi tanımır. Eyni zamanda, problemin həllinə real dəstək verilmir. Digər tərəfdən, digər beynəlxalq təşkilatlarda münaqişənin həllinə obyektiv yanaşılması nədənsə həmsədrlərdə qıcıq yaradır. Onlar iddia edirlər ki, başqa qurumların təşəbbüsləri və apardıqları müzakirələr münaqişənin həllinə maneçilik törədə bilər. Maraqlıdır, nə zamandan işğalçının öz adı ilə çağırılması, beynəlxalq hüquq normalarına əməl edilməsi problemin həllinə maneçilik törədə bilər? Əlbəttə ki, həmsədrlərin belə bir mövqeyi cəmiyyətimizdə böyük narazılıqla qarşılanr. Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib, ictimaiyyətin nümayəndələri isə etiraz edirlər. İstərdik ki, həmsədrlər bu məsələdə üzərlərinə düşən vəziflərəi yeriən yetirsinlər və kənar dəstəklərdən də imtina etməsinlər. Onların belə bəyanat verməsi Ermənistana xüsusi simpatiyasının olduğunu ortaya qoyur. Beynəlxalq hüquq normaloarını əsas götürməli olan həmsədrlərin belə bəyanat verməsi həm beynəlxalq hüquqa, həm də diplomatik etikaya çox zidd addımdır»- deyə, A.Mirzəzadə vurğulayıb.