Xəbərlər
Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır. Dünyəvi təhsildə məqsəd uşağın dini kimliyini məhdudlaşdırmaq deyil, onun bütün növ, o cümlədən dini-ideoloji təsir və təzyiqlərdən qorunmasına, azad şəkildə formalaşmasına şərait yaratmaqdır. Dünyəvi təhsil sistemi müxtəlif kənar ideoloji təsir imkanlarından, dünyəvilik prinsipi ilə bir araya sığmayan atributlardan, simvolikadan, habelə milli-mənəvi dəyərlərimizə, etik normalara zidd geyim, davranış formalarından azad olmalı və savadlı, tərbiyəli, vətənpərvər gənc nəslin formalaşmasında əsas faktorlardan biri olmalıdır. Dünyəvilik prinsipi məktəbin hər hansı dini dünyagörüşünün təbliğ olunduğu məkan deyil, müxtəlif düşüncə və inanclara malik insanların ümumi təhsil standartları əsasında bir araya gəldiyi ictimai institut olması ilə bağlıdır. Bu prinsipin tətbiqi təhsil prosesinin vahid hüquqi və pedaqoji əsaslar üzərində qurulmasına xidmət edir. Qanunvericilikdə milli və dünyəvi prinsiplərin yanaşı müəyyənləşdirilməsi onların qarşılıqlı uyğunluğunun qorunmasını nəzərdə tutur.
Milli geyimlərdən yalnız tarixi, mədəni və milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı əsasında istifadə edilməsinə imkan verilməsi də bu yanaşmanın nümunəsidir. Beləliklə, məktəblərdə milli irsin tanıdılması və yaşadılması üçün imkan saxlanılır, eyni zamanda gündəlik tədris mühitində vahid geyim qaydaları qorunur.
Məktəblər təkcə bilik ötürən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur. Vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır. Bu, yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir. Vahid yanaşmaya uyğun geyim məktəb daxilində korporativ idarəetmə mədəniyyətinin formalaşmasına və güclənməsinə xidmət edir. Müəllimlərin işgüzar üslubda görünməsi məktəbin ictimai nüfuzuna müsbət təsir göstərir. Müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır. Sadə və səliqəli işgüzar üslub şagirdlərin diqqətinin dərs prosesindən yayınmasının qarşısını almağa kömək edir. Geyim müəllimin ünsiyyətinə və dərsin idarə olunmasına maneə olmamalıdır. Təhsilalanlar üçün vahid forma və təhsilverənlər üçün işgüzar üslub həm şagirdlərin, həm də müəllimlərin təhsil prosesinə daha ciddi yanaşmasını təşviq edir.
Məktəblərdə geyim tələbləri ilə bağlı vahid yanaşmanın tətbiqi beynəlxalq təcrübədə geniş istifadə olunur. Qazaxıstan Təhsil və Elm Nazirliyinin orta təhsil müəssisələri üçün məcburi məktəb formaları üçün tələbləri 2016-cı il fevralın 16-da Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Qırğızıstan hökumətinin təhsil müəssisələrində məktəbli formasına dair vahid tələbləri 2015-ci il sentyabrın 1-dən tətbiq edilir. Türkmənistanda dövlət ümumtəhsil müəssisələrinin fəaliyyəti haqqında əsasnamə ölkə prezidentinin 2019-cu il martın 1-də qərarı ilə təsdiqlənib. Özbəkistanda dövlət ümumi təhsil müəssisələrinin şagirdlərinin müasir məktəbli forması ilə təmin edilməsinə dair qərar 2018-ci il avqustun 15-də qəbul edilib.
Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, burada dövlət-din münasibətləri yüksək səviyyədədir. Vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə, müxtəlif din mənsubları arasında qarşılıqlı hörmət və anlaşma mühitinin qorunub-saxlanılmasına xüsusi həssaslıqla yanaşılır. Azərbaycanda etiqadına, inancına və dini həyat tərzinə görə heç bir məhdudiyyət tətbiq edilmir. Azərbaycan tarixən Türk və İslam dünyasının mərkəzlərindən biri olmuş və bu gün də milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dəyərlərinə, adət-ənənələrinə böyük ehtiram göstərilir. Dövlətimizin başçısının himayəsi ilə tarixi-dini abidələrimiz, ziyarətgahlar bərpa edilir, yeni ibadət ocaqları inşa olunaraq dindarların istifadəsinə verilir. Hər il İslam dininə aid əlamətdar günlər dövlət səviyyəsində qeyd olunur, ölkə başçısının dini bayramlarla bağlı müraciətləri ünvanlanır. Azərbaycanın xarici siyasətində İslam həmrəyliyinin təşviqi, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, islamofobiya, dini radikalizm və ekstremizmə qarşı mübarizə mühüm yer tutur.
