YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tələblərə uyğun geyim təhsil prosesinə məsuliyyətli yanaşmanı təşviq edən amillərdən biridir

Zamir Güvəndiyev

YAP Şəmkir rayon təşkilatının sədri

Ölkəmizdə məktəblərin dünyəvi prinsiplər əsasında fəaliyyət göstərməsi müstəqil dövlətin təhsil sisteminin əsas xüsusiyyətlərindən biridir. Dünyəvi prinsiplərə uyğun vahid məktəbli geyiminin tətbiqi də bu modelin mühüm atributlarındandır.  Eyni zamanda, bu yanaşma nizam-intizamın, bərabərliyin və birliyin formalaşması baxımından əhəmiyyət daşıyır.

Məktəblər təkcə bilik ötürən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur. Vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır. Bu, yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir. Vahid məktəbli forması və geyim qaydaları təhsil siyasətinin təşkilati, sosial və tərbiyəvi aspektlərini birləşdirir. Dünyəvilik prinsipinin qorunması, milli-mənəvi irsə hörmət, sosial fərqlərin məktəb mühitində təsirinin azaldılması və vahid intizam qaydalarının tətbiqi bir-birini tamamlayan istiqamətlərdir. Qeyd edildiyi kimi, bütün bunlar məktəbin yalnız bilik verən müəssisə deyil, həm də məsuliyyətli, intizamlı və cəmiyyətlə qarşılıqlı münasibətlər qurmağı bacaran gənclər yetişdirən sosial institut kimi rolunu gücləndirəcək.

Məktəb müəllimlərinin işgüzar tələblərə uyğun, dress-kod nəzərə alınmaqla  geyinməsinin həm təşkilati, həm pedaqoji, həm də idarəetmə müstəvisindən müsbət təsiri vardır. İşgüzar üslub müəllimin təhsil müəssisəsinin nümayəndəsi və müəyyən peşə standartlarının daşıyıcısı olduğunu vurğulayır. Bu, tədris zamanı lazım olan iş mühitini qorumağa kömək edir. Şagirdlər məktəbli forması geyinirsə, müəllimlər üçün də dress-kod tələbləri yanaşması məktəbin ümumi korporativ mədəniyyətinin bir hissəsi, aidiyyət və daxili qaydalara hörmət simvolu kimi qəbul edilir. Vahid yanaşmaya uyğun geyim məktəb daxilində korporativ idarəetmə mədəniyyətinin formalaşmasına və güclənməsinə xidmət edir. Müəllimlərin işgüzar üslubda görünməsi məktəbin ictimai nüfuzuna müsbət təsir göstərir. Vahid yanaşmaya uyğun geyim məktəbin ümumi idarəçilik fəlsəfəsinin və təşkilati dəyərlərinin vizual ifadəsinə çevrilir. Bu, müəllim kollektivində komanda ruhunun və korporativ həmrəyliyin güclənməsinə xidmət edir.   

Təhsil müəssisələrində yaradılan sosial mühit, şagirdlər arasında münasibətlər, bərabər imkanların təmin edilməsi və sağlam mənəvi dəyərlərin formalaşdırılması da keyfiyyətli təhsilin əsas göstəricilərindəndir. Bu baxımdan, vahid məktəbli formasının tətbiqi məsələsi sadəcə geyim standartı kimi deyil, təhsildə sosial bərabərliyin möhkəmləndirilməsi, məktəb mədəniyyətinin formalaşdırılması və şagirdlərin sosial-psixoloji inkişafının dəstəklənməsi kontekstində təhlil edilir. Geyimdə peşəkarlıq və standartlara uyğunluq müəllimin pedaqoji nüfuzunun qorunmasına xidmət edir. Müəllimin görünüşü isə şagirdlərdə məktəb mühitinə, davranış mədəniyyətinə və peşəkar ünsiyyət normalarına münasibətin formalaşmasına təsir edən amillərdən biridir. Təhsilalanlar üçün vahid forma və təhsilverənlər üçün işgüzar üslub həm şagirdlərin, həm də müəllimlərin təhsil prosesinə daha ciddi yanaşmasını təşviq edir. Bu, məktəbdaxili münasibətlərə və müəllimlərin valideynlər və şagirdlər tərəfindən qəbul edilməsinə müsbət təsir göstərir. Tələblərə uyğun geyim təhsil prosesinə məsuliyyətli yanaşmanı təşviq edən amillərdən biridir. Müəllimlərin işgüzar üslubda olması məktəbdaxili münasibətlərdə peşəkarlıq və qarşılıqlı hörmət mühitini gücləndirir. Məktəblərdə vahid məktəbli geyim formasının tətbiqi dini ayrı-seçkilik deyil, təhsilin dünyəvi xarakterinin və şagirdlər arasında bərabərliyin qorunmasına xidmət edir. Məktəb uşaqların sosial status, ailənin dini baxışları və maddi imkanlarından asılı olmayaraq, özlərini bərabər hiss etdikləri məkandır. Vahid məktəbli forması bu baxımdan sosial bərabərlik funksiyası daşıyır.