Xəbərlər
Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması, məktəbdaxili nizam-intizamın gücləndirilməsi və təhsil mühitinin ümumi prinsiplərinin müəyyənləşdirilməsi istiqamətində atılan addımlar təhsil siyasətinin mühüm istiqamətlərindən biridir. Təhsilalanların geyim forması ilə bağlı qaydaların təkmilləşdirilməsi də bu yanaşmanın tərkib hissəsidir. “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim ilə bağlı vahid qaydaları müəyyən edir. Tələblərin məqsədi təhsilverənlərin geyimi ilə bağlı vahid yanaşmanın müəyyənləşdirilməsi, məktəbdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasıdır. Yeni tələblərə əsasən, şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Eyni zamanda, milli geyimlərdən və onların elementlərindən istifadə üçün Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı əsasında istisna nəzərdə tutulur. Bu müddəalar vahid məktəbli formasının tətbiqini təkcə xarici görünüşlə bağlı məsələ olmaqdan çıxararaq hüquqi çərçivəsi müəyyən edilmiş təhsil siyasəti vasitəsinə çevirir.
Vahid məktəbli geyimi yalnız zahiri görünüşü tənzimləyən qayda deyil, həm də məktəb mühitində bərabərlik, birlik və qarşılıqlı hörmət prinsiplərini təşviq edən vasitədir. Təhsilalanlar üçün vahid forma və təhsilverənlər üçün işgüzar üslub həm şagirdlərin, həm də müəllimlərin təhsil prosesinə daha ciddi yanaşmasını təşviq edir. Bu, məktəbdaxili münasibətlərə və müəllimlərin valideynlər və şagirdlər tərəfindən qəbul edilməsinə müsbət təsir göstərir. Tələblərə uyğun geyim təhsil prosesinə məsuliyyətli yanaşmanı təşviq edən amillərdən biridir. Müəllimlərin işgüzar üslubda olması məktəbdaxili münasibətlərdə peşəkarlıq və qarşılıqlı hörmət mühitini gücləndirir.
Qeyd etdiyimiz kimi, məktəbdaxili nizam-intizam və təşkilati mühitin gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir. Təhsilalanlara vahid geyim/forma tələbi kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir. Məktəblər təkcə bilik ötürən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur. Vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır. Bu, yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir.
Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır. Dünyəvi təhsildə məqsəd uşağın dini kimliyini məhdudlaşdırmaq deyil, onun bütün növ, o cümlədən dini-ideoloji təsir və təzyiqlərdən qorunmasına, azad şəkildə formalaşmasına şərait yaratmaqdır. Dünyəvi təhsil sistemi müxtəlif kənar ideoloji təsir imkanlarından, dünyəvilik prinsipi ilə bir araya sığmayan atributlardan, simvolikadan, habelə milli-mənəvi dəyərlərimizə, etik normalara zidd geyim, davranış formalarından azad olmalı və savadlı, tərbiyəli, vətənpərvər gənc nəslin formalaşmasında əsas faktorlardan biri olmalıdır.
