Xəbərlər
Vahid məktəbli forması dünyəvi təhsilin və bərabərliyin ifadəsidir
İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri
Xalqımız tarixən zəngin dini-mənəvi dəyərləri, tolerantlıq ənənələri və müxtəlif mədəniyyətlərə hörmət prinsipləri ilə seçilib. Ölkəmizdə milli-mənəvi irsin qorunması, dini abidələrin bərpası, eyni zamanda, dünyəvi dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu yanaşma Azərbaycanın həm tarixi irsinə sahib çıxan, həm də müasir inkişaf yolunu seçən dövlət kimi mövqeyini nümayiş etdirir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən digər tədbirlərlə yanaşı dini-mədəni irsin bərpası xüsusi əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalmış torpaqlarımızda məscidlərə, dini abidələrə və digər tarixi-mədəni nümunələrə ciddi ziyan vurulub, bir sıra ibadət ocaqları dağıdılıb və təhqirə məruz qalıb. İşğaldan azad edilmiş 67 məscidin düşmən tapdağından qurtarılması xalqımızın dini-mənəvi dəyərlərinin qorunması baxımından böyük önəm daşıyır. Bu abidələrin bərpası yalnız memarlıq nümunələrinin yenidən qurulması deyil, həm də xalqımızın yaddaşının, milli kimliyinin və mənəvi bağlılığının qorunması deməkdir. Azərbaycan dövləti digər regionlarımızda olduğu kimi azad edilmiş ərazilərdə tarixi abidələrin bərpasına, dini məkanların qorunmasına və bölgənin əvvəlki mədəni simasının yenidən formalaşdırılmasına xüsusi diqqət yetirir. Bu istiqamətdə görülən işlər ölkəmizin İslam mədəniyyətinə və ümumbəşəri irsə verdiyi dəyərin ifadəsidir. Məscidlərin bərpası, onların gələcək nəsillərə çatdırılması və dini irsin yaşadılması Azərbaycanın tarixi-mədəni məsuliyyətinin mühüm təzahürlərindəndir. Dini-mənəvi dəyərlərin qorunması ilə yanaşı, dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik də cəmiyyətin inkişafında mühüm rol oynayır. Ölkəmizdə təhsil sistemi dünyəvi xarakter daşıyır və təhsil müəssisələrinin fəaliyyəti elmi biliklərin, müasir düşüncənin, milli-mənəvi dəyərlərin və vətəndaşlıq məsuliyyətinin formalaşdırılmasına yönəlib. Dünyəvi təhsil prinsipi dinə qarşı münasibət deyil, təhsil prosesində elmi yanaşmanın, bərabər imkanların və müxtəlif inanclara malik insanların hüquqlarına hörmətin təmin edilməsidir. Məktəblərdə vahid məktəbli geyim formasının tətbiqi də bu baxımdan zəruridir. Təhsilalanlar üçün vahid formanın tətbiqi və təhsilverənlərin işgüzar üslubda geyinməsi təhsil müəssisələrində nizam-intizamın möhkəmləndirilməsinə və sağlam təhsil mühitinin formalaşmasına mühüm töhfə verir. Vahid forma şagirdlər arasında bərabərlik prinsipinin təşviq olunmasına, sosial fərqlərin ön plana çıxmasının qarşısının alınmasına xidmət edir, eyni zamanda, bu yanaşma şagirdlərdə məsuliyyət, intizam və kollektivə bağlılıq hissini gücləndirir. Müəllimlərin işgüzar üslubda geyinməsi isə onların məsuliyyətini və təhsil prosesinə ciddi münasibətini nümayiş etdirir. Xarici görünüşdə səliqə və vahid yanaşma müəllim nüfuzunun qorunmasına, şagirdlərdə onlara qarşı hörmət və etimadın artmasına müsbət təsir göstərir. Bu, həmçinin məktəbdaxili münasibətlərin daha sağlam və qarşılıqlı hörmət prinsipləri əsasında qurulmasına şərait yaradır. Vahid forma və işgüzar geyim qaydaları təhsil müəssisələrində davranış mədəniyyətinin yüksəldilməsinə də kömək edir. Belə yanaşma valideynlərin məktəbə və təhsil prosesinə olan inamını gücləndirir. Bu qayda dini ayrı-seçkilik kimi deyil, təhsil müəssisələrində ümumi tələblərin və vahid məktəb mühitinin formalaşdırılması kontekstində qiymətləndirilməlidir. Bununla yanaşı, dünyəvilik prinsipi hər bir şagirdin hüquqlarına, şəxsi ləyaqətinə və qanunla qorunan azadlıqlarına hörmətlə yanaşılmasını nəzərdə tutur. Müasir cəmiyyətin inkişafı üçün dini-mənəvi irsin qorunması ilə dünyəvi təhsilin təşviqi bir-birini tamamlayan istiqamətlərdir. Tarixi məscidlərin bərpası keçmişimizə və milli kimliyimizə bağlılığımızı nümayiş etdirirsə, dünyəvi təhsil sistemi gələcəyimizin bilikli, savadlı və məsuliyyətli vətəndaşlarının yetişməsinə zəmin yaradır.
