YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib

Qaradağ rayonu Heydər Əliyev Mərkəzində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Lökbatan qəsəbəsinin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Daha sonra iştirakçılar Heydər Əliyev Mərkəzinin foyesində 27 Sentyabr - Anım Gününə həsr olunmuş kitab və fotosərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 27 Sentyabr – Anım Gününə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatları - YAP Təftiş Komissiyasının üzvü Aydın Hüseynov, Səbinə Xasayeva və Zaur Şükürov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsini, dövlət və ordu ətrafında birlik və həmrəyliyini nümayiş etdirib.

Vurğulanıb ki, Vətən müharibəsində Azərbaycan Ordusu yüksək qəhrəmanlıq və şücaət göstərərək torpaqlarımızın işğaldan azad olunmasını təmin edib. Tarixi Qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin fədakarlığı, eləcə də xalqımızın birlik və həmrəyliyi hesabına əldə olunub.

Çıxışlarda, həmçinin 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edildiyi diqqətə çatdırılıb. Azərbaycan Bayrağının Xankəndi şəhərində ucaldılması ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının mühüm rəmzi kimi qeyd olunub.

Bildirilib ki, 27 Sentyabr - Anım Günü ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ehtiramın ifadəsidir. Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi xalqımızın yaddaşında daim yaşayacaq.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamının şəhidlərimizin və Vətən müharibəsi iştirakçılarının xatirəsinə göstərilən ehtiramın ifadəsi olduğu vurğulanıb.

Tədbirdə 44 günlük Vətən müharibəsi şəhidi Tofiq Kərimovun həyat yoldaşı Süsən Kərimova və Vətən müharibəsi əlili Bəhrəm Rəcəbli də çıxış ediblər. Onlar şəhidlərimizin əziz xatirəsinə göstərilən ehtiramdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.