Xəbərlər
Dağ-mədən və metallurgiya sənayesi: yeni iqtisadi inkişaf istiqaməti
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 22-də “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi ölkəmizin qeyri-neft sektorunun inkişafında mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Dövlət Proqramının 23 sentyabr 2026-cı ildə Prezidentin Sərəncamı ilə təsdiq edilməsi isə bu istiqamətdə qarşıdakı dörd il üçün konkret fəaliyyət çərçivəsini müəyyənləşdirib.
Prezident İlham Əliyev müşavirədə çıxışında dağ-mədən və metallurgiya sənayesini ölkə iqtisadiyyatı, xüsusilə də qeyri-neft sektorunun inkişafı baxımından perspektivli sahə kimi xarakterizə edib. Dövlət başçısının sözləri ilə desək, bu istiqamətin inkişafı “ölkəmizdə yeni, müasir sənaye istiqaməti” yaradacaq. Burada əsas məqsəd yalnız təbii sərvətlərin hasilatını artırmaq deyil. Yeni mərhələnin başlıca fərqi xammalın ölkə daxilində daha dərindən emal olunması, zənginləşdirmədən son məhsula qədər dəyər zəncirinin formalaşdırılması və daha yüksək əlavə dəyərin yaradılmasıdır. Dövlət Proqramında da mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Proqramın icrası nəticəsində 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manatadək, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manatadək artırılması nəzərdə tutulur. 2027–2030-cu illərdə bu məqsədlər üçün ümumilikdə 5,3 milyard manat investisiya qoyuluşu planlaşdırılır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi və infrastruktur uğurlarının ölkənin beynəlxalq mövqeyinə də təsir etdiyini vurğulayıb. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan artıq nəinki öz enerji tələbatını təmin edir, eyni zamanda bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib. Enerji sahəsində formalaşmış bu mövqenin ardınca ölkənin mineral resurslarının və metallurgiya potensialının da iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsi Azərbaycanın iqtisadi şaxələndirmə siyasətinin mühüm istiqamətlərindən birinə çevrilir. Bu baxımdan dağ-mədən sənayesinin inkişafı enerji, nəqliyyat, sənaye və investisiya siyasəti ilə bir-birini tamamlayan vahid iqtisadi strategiyanın tərkib hissəsi kimi çıxış edir. Azərbaycanın enerji imkanları, nəqliyyat infrastrukturu, Orta Dəhliz üzərində yerləşməsi və formalaşmış sənaye bazası yeni metallurgiya layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır.
Azərbaycanın mineral resurs potensialı hələ tam öyrənilmiş və iqtisadi dövriyyəyə cəlb edilmiş imkanlarla məhdudlaşmır. Prezident İlham Əliyev müşavirədə geoloji kəşfiyyat işlərinin genişləndirilməsinin vacibliyini xüsusi qeyd edib. Dövlət başçısının sözlərinə görə, ölkənin müxtəlif bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni təbii resursların aşkarlanması üçün müasir texnologiyalar əsasında geoloji kəşfiyyat işləri aparılacaq. Bu proses nəticəsində perspektivli qızıl, mis və digər metal yataqlarının müəyyənləşdirilməsi və iqtisadi baxımdan səmərəli olan ehtiyatların mərhələli şəkildə sənaye dövriyyəsinə daxil edilməsi qarşıya məqsəd qoyulur. Bu yanaşma Azərbaycanın gələcək mineral-xammal bazasının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramında ilkin axtarış və qiymətləndirmə, ilkin kəşfiyyat, dəqiq kəşfiyyat və texniki-iqtisadi əsaslandırma mərhələləri üzrə ardıcıl işlərin aparılması nəzərdə tutulur.
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı uzun illərdir dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev müşavirədə sənaye parklarının və aqroparkların ölkənin müxtəlif bölgələrində yaradılmasının iqtisadi fəallığa, əlavə dəyərin formalaşmasına və ixrac potensialının genişlənməsinə mühüm töhfə verdiyini bildirib. Bu siyasətin yeni mərhələsində dağ-mədən və metallurgiya sənayesi də regional sənayeləşmənin aparıcı istiqamətlərindən birinə çevrilir. Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədlərindən biri məhz dağ-mədən sənayesinin inkişafıdır. Daşkəsən filiz yatağının və yaxın ərazilərdəki digər layihələrin potensialı burada yeni istehsal zəncirinin qurulmasına imkan verəcək. Burada filiz hasilatı ilə yanaşı, zənginləşdirmə, pelet və isti briketlənmiş dəmir istehsalı kimi mərhələlərin yaradılması nəzərdə tutulur. Beləliklə, hasil edilən xammalın ölkə daxilində emal olunması və daha yüksək əlavə dəyərli məhsula çevrilməsi təmin ediləcək.
Dağ-mədən və metallurgiya layihələrinin həyata keçirilməsində dövlət investisiyaları ilə yanaşı, özəl və xarici sərmayənin cəlb edilməsi də mühüm yer tutur. Prezident İlham Əliyev çıxışında bu sahənin özəl sektor üçün açıq olduğunu, xarici investorların da yeni geoloji kəşfiyyat və hasilat layihələrində iştirakının alqışlandığını bildirib. Bu yanaşma Azərbaycanın investisiya siyasətinin əsas prinsiplərindən biri olan açıq və əməkdaşlığa yönəlmiş iqtisadi mühitin dağ-mədən sektorunda da davam etdirildiyini göstərir. Eyni zamanda, investisiyaların cəlb edilməsi yalnız xammal hasilatına deyil, emal və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin qurulmasına yönəldilir. Prezidentin vurğuladığı kimi, əgər yeni yataqlar əhəmiyyətli həcmdə ehtiyatlarla təsdiqlənərsə, burada yalnız filiz hasilatı ilə kifayətlənmək düzgün olmaz. Zənginləşdirmə və emal zəncirinin yaradılması əsas hədəflərdən biri olmalıdır.
Beləliklə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin yeni inkişaf mərhələsinin hüquqi və iqtisadi əsaslarını formalaşdırır. Bu mərhələdə əsas məqsəd təbii sərvətlərdən daha səmərəli istifadə etməklə yanaşı, onların ölkə daxilində emalını genişləndirmək, yeni sənaye müəssisələri yaratmaq, məşğulluğu artırmaq, ixracı şaxələndirmək və regionların iqtisadi potensialını gücləndirməkdir.
Prezident İlham Əliyevin müşavirədə ifadə etdiyi yanaşma bu siyasətin mahiyyətini aydın şəkildə ortaya qoyur: Azərbaycanın zəngin mineral resursları yalnız xammal kimi deyil, yeni sənaye imkanlarının, yüksək əlavə dəyərin, müasir texnologiyaların və uzunmüddətli iqtisadi inkişafın mənbəyi kimi qiymətləndirilir. Bu baxımdan Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi və ölkənin sənaye potensialının daha da gücləndirilməsi istiqamətində mühüm yol xəritəsi kimi qarşıdakı dövr üçün konkret hədəflər müəyyən edir.
