Xəbərlər
Strateji tərəfdaşlıq regional əməkdaşlığa yeni töhfələr verir
Anar Məmmədov
Milli Məclisin deputatı
31 iyul 2026-cı il tarixi yalnız Azərbaycan və Qırğızıstanın ikitərəfli diplomatik münasibətləri salnaməsinə deyil, bütövlükdə Türk dünyasının modern inteqrasiya və siyasi həmrəylik tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin Qırğız Respublikasına reallaşan dövlət səfəri, Çolpon-Ata şəhərində keçirilən ali səviyyəli görüşlər, imzalanan tarixi sənədlər və səslənən bəyanatlar iki qardaş ölkə arasında münasibətlərin artıq keyfiyyətcə yeni – strateji müttəfiqlik mərhələsinə qədəm qoyduğunu bütün dünyaya nümayiş etdirdi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” ifadəsi təkcə diplomatik tezis deyil, Bakı ilə Bişkek arasında mövcud olan sarsılmaz etimadın, strateji dərrakənin və gələcəyə hesablanmış siyasi iradənin manifestinə çevrildi. Bu bəyanat açıq şəkildə göstərir ki, Azərbaycan və Qırğızıstan beynəlxalq platformalarda vahid cəbhədən çıxış etməyə, təhlükəsizlik və iqtisadiyyat sahələrində çiyin-çiyinə addımlamağa tam hazırdır.
Liderlərin ali dövlət təltifləri – Azərbaycan Prezidenti İlham Əliyevin 1-ci dərəcəli “Manas” ordeninə, Qırğızıstan Prezidenti Sadır Japarovun isə Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeninə layiq görülməsi bu dostluğun protokollardan uzaq, dərin mənəvi-siyasi mahiyyət daşıdığını sübut etdi.
Çolpon-Ata görüşləri həm də konkret layihələrlə zəngin iqtisadi sıçrayışın əsasını qoydu. Azərbaycanın regionda yalnız enerji ixracatçısı kimi deyil, iri kapital qoyan, inkişafı stimullaşdıran iqtisadi güc mərkəzi kimi rolu bir daha təsdiqləndi. Qırğızıstanın turizm incisi olan İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin sərmayəsi ilə inşa edilən ilk beşulduzlu “Baku Resort & Spa” kompleksi iqtisadi əməkdaşlığın möhtəşəm rəmzi kimi istifadəyə verildi.
Səfərin diqqətçəkən ən mühüm məqamlarından biri də, şübhəsiz ki, onun strateji iqtisadi nəticələridir. Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması tərəflərin iqtisadi platformada nə qədər iddialı və uzaqgörən addımlar atdığının bariz göstəricisidir. Bu qərar təkcə maliyyə göstəricisinin artması demək deyil; o, yeni istehsal güclərinin yaradılmasına, birgə investisiya layihələrinin miqyasının genişlənməsinə, hər iki ölkədə məşğulluğun təmininə və iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edəcək. Möhtərəm Prezident İlham Əliyevin də vurğuladığı kimi, Fondun səmərəli fəaliyyəti və təqdim olunan konkret layihələr real nəticələr verdikcə, gələcəkdə bu maliyyə resurslarının daha da artırılması tamamilə realdır.
Tərəflər arasında humanitar-mədəni müstəvidə əldə edilən razılaşmalar və reallaşan layihələr dərin mənəvi mahiyyəti ilə xüsusilə seçilir. Qırğızıstanın dəstəyi ilə işğaldan azad olunmuş Ağdam rayonunda inşa edilən və qırğız xalqının qəhrəmanlıq eposunun adını daşıyan “Manas” məktəbi sadəcə bir təhsil ocağı deyil, Qarabağın yenidən qurulmasında Türk dünyasının sarsılmaz həmrəyliyinin canlı rəmzidir. Eyni zamanda, Bakıda dahi yazıçı Çingiz Aytmatovun xatirəsinə ucaldılan abidə və onun adını daşıyan park, Bişkekdə istifadəyə verilən Azərbaycan–Qırğızıstan Dostluq Parkı, habelə qarşılıqlı keçirilən Mədəniyyət Günləri ortaq soy-kökə, dilə və zəngin irsə malik xalqlarımızın mənəvi bağlarının dövlətlərarası müttəfiqliyin ən möhkəm təməlini təşkil etdiyini sübut edir.
Çolpon-Atada imzalanan Bəyannamə və qəbul olunan mühüm sənədlər paketi Azərbaycan ilə Mərkəzi Asiya regionu arasındakı əməkdaşlığın keyfiyyətcə tamamilə yeni müstəviyə yüksəldiyini təsdiqlədi. Xüsusilə ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi daxil olması Azərbaycanın regional geosiyasi və geoiqtisadi arxitekturada artan nüfuzunun beynəlxalq miqyasda etirafıdır. Bu tarixi qərar sübut edir ki, Bakı artıq yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Türk dünyasının strateji gələcəyini və prioritetlərini müəyyənləşdirən əsas güc mərkəzlərindən biridir.
Səfər boyunca Möhtərəm Prezident İlham Əliyevə göstərilən ali ehtiram və səmimi qardaşlıq münasibəti dövlətimizin başçısının həyata keçirdiyi müstəqil, prinsipial və uzaqgörən xarici siyasətə verilen yüksək qiymətin təzahürüdür. Liderlərin qarşılıqlı olaraq ən ali dövlət təltifləri ilə – Prezident İlham Əliyevin 1-ci dərəcəli “Manas” ordeni, Qırğızıstan Prezidenti Sadır Japarovun isə “Heydər Əliyev” ordeni ilə təltif olunması sadəcə diplomatik protokol qaydası deyil. Bu, xalqlarımız arasındakı tarixi sarsılmazlığın, dövlətlərimiz arasındakı ən ali etimadın və birgə gələcəyə olan sarsılmaz inamın siyasi tərənnümüdür.
