YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı ilə Bişkek arasında etibarlı tərəfdaşlıq modeli

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində ölkəmiz bu gün türk dünyasında etibarlı tərəfdaş və birləşdirici mərkəz kimi çıxış edir. Azərbaycanın təşəbbüsü ilə bir çox istiqamətlərdə həyata keçirilən iri layihələr Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın daha da genişlənməsinə əlverişli zəmin formalaşdırır. Bu əməkdaşlıq regional sabitliyin möhkəmləndirilməsinə, enerji marşrutlarının şaxələndirilməsinə, yeni investisiya imkanlarının yaranmasına və türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə geniş imkanlar yaradır.

İyulun 30-da cənab Prezidentin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri isə bu strateji xəttin ardıcıl davamı olmaqla Azərbaycan–Qırğızıstan münasibətlərinin zənginləşməsinə, Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyin daha da dərinləşməsinə və Mərkəzi Asiya ilə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan geniş tərkibli danışıqlar və imzalanan sənədlər tərəflərin strateji tərəfdaşlığı daha da möhkəmləndirmək əzmində olduqlarını bir daha nümayiş etdirdi. Dövlət başçılarının müzakirələri yalnız ikitərəfli münasibətlərin inkişafını deyil, həm də regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya layihələri, enerji əməkdaşlığı, rəqəmsal transformasiya, yaşıl enerji, təhsil, elm və mədəniyyət sahələrində yeni əməkdaşlıq istiqamətlərini əhatə etdi.

Dövlət səfərinin yüksək siyasi əhəmiyyətini təsdiqləyən əsas hadisələrdən biri də Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – birinci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi oldu. Bu yüksək mükafat Azərbaycan Prezidentinin türk dünyasının birliyinin möhkəmləndirilməsi, Azərbaycan–Qırğızıstan dostluğunun inkişafı və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində göstərdiyi xidmətlərin yüksək qiymətləndirilməsinin ifadəsidir. Eyni zamanda bu təltif iki qardaş xalq arasında sarsılmaz dostluğun, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın rəmzi kimi böyük əhəmiyyət kəsb edir. Türk dünyasının böyük mənəvi irsi hesab edilən "Manas" dastanı yalnız qırğız xalqının deyil, bütövlükdə türk xalqlarının ortaq mədəni sərvətlərindən biridir. Buna görə də cənab Prezidentin məhz "Manas" ordeni ilə təltif olunması ortaq tarixi yaddaşa, milli-mənəvi dəyərlərə və türk həmrəyliyinə verilən yüksək qiymətin bariz nümunəsi olmaqla iki ölkə arasında əməkdaşlığın mahiyyətini aydın şəkildə əks etdirir. Bununla yanaşı son illərdə humanitar sahədə həyata keçirilən birgə layihələr, xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpasına Qırğızıstanın verdiyi dəstək iki qardaş ölkənin münasibətlərinə yeni məzmun qazandırmışdır.

Qardaşlıq münasibətlərinin konkret təzahürü kimi Ağdam rayonunda "Manas" adını daşıyan məktəb kompleksinin inşası həm türk dünyasının ortaq mənəvi dəyərlərinə ehtiramın, həm də Azərbaycan–Qırğızıstan qardaşlığının əyani təzahürüdür. Bu məktəb yalnız təhsil müəssisəsi deyil, eyni zamanda türk dünyasının birliyini əks etdirən mühüm mənəvi körpü rolunu oynayır.Uzun illər işğal altında qalmış Ağdam şəhərinin yenidən qurulması prosesində belə bir təhsil ocağının istifadəyə verilməsi xüsusi rəmzi məna daşıyır. Burada təhsil alacaq şagirdlər Azərbaycan ilə Qırğızıstan arasında dostluq münasibətlərinin canlı şahidləri olacaq, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər əsasında formalaşan qardaşlıq ənənələrini gələcək nəsillərə ötürəcəklər.

Beləliklə, Prezident İlham Əliyevin Qırğızıstana rəsmi səfəri çərçivəsində qəbul edilən mühüm qərarlar iki qardaş ölkə arasında əməkdaşlığın uzunmüddətli və dayanıqlı inkişafını təmin etməklə yanaşı, qarşılıqlı faydalı tərəfdaşlığın bütün istiqamətlər üzrə daha da genişlənəcəyini və münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.