YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qırğızıstan əməkdaşlığının prioritet istiqamətləri

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Qloballaşan dünyada dövlətlər arasında qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan əməkdaşlıq beynəlxalq münasibətlərin əsas istiqamətlərindən birini təşkil edir. Xüsusilə ortaq tarixə, mədəniyyətə, dilə və milli-mənəvi dəyərlərə malik xalqlar arasında formalaşan əlaqələr təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına da mühüm töhfə verir. Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında qurulmuş dostluq və qardaşlıq münasibətləri də məhz bu möhkəm təməl üzərində inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin Türk dövlətləri ilə əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə, ortaq layihələrin həyata keçirilməsinə, iqtisadi inteqrasiyanın genişləndirilməsinə, nəqliyyat-logistika imkanlarının artırılmasına və humanitar əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir. Bu siyasətin əsas məqsədi yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, eyni zamanda Türk dünyasının birliyinin, həmrəyliyinin və beynəlxalq nüfuzunun daha da gücləndirilməsidir.

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər qarşılıqlı etimada, səmimi dostluğa və qardaşlığa əsaslanır. İki ölkə arasında siyasi dialoqun intensiv xarakter alması, dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər, imzalanan mühüm sənədlər, iqtisadi və humanitar sahələrdə həyata keçirilən layihələr bu münasibətlərin davamlı inkişaf etdiyini göstərir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin nümayiş etdirilməsi, regional və qlobal məsələlərdə oxşar mövqedən çıxış edilməsi də Azərbaycan–Qırğızıstan tərəfdaşlığının etibarlı və uzunmüddətli xarakter daşıdığını təsdiqləyir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il iyulun 31-də Qırğızıstana həyata keçirdiyi dövlət səfəri də iki qardaş ölkə arasında münasibətlərin inkişaf tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan geniş tərkibli danışıqlar, əldə olunan razılaşmalar və imzalanan sənədlər əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmiş, mövcud tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm zəmin yaratmışdır. Dövlət səfərinin yekunu olaraq Prezident cənab İlham Əliyevin mətbuata verdiyi bəyanat isə Azərbaycan–Qırğızıstan münasibətlərinin bugünkü vəziyyətini, gələcək inkişaf perspektivlərini, Türk dünyasının birliyi istiqamətində həyata keçirilən siyasəti və regional əməkdaşlığın prioritetlərini əhatə edən mühüm siyasi çıxış kimi xüsusi əhəmiyyət kəsb edir.

Bəyanatda səsləndirilən fikirlər bir daha təsdiq edir ki, Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Bu əməkdaşlıq ortaq tarixə, mədəni irsə və türk xalqlarını birləşdirən ümumi dəyərlərə söykənərək daha geniş geosiyasi və geoiqtisadi məzmun daşıyır. Prezident cənab İlham Əliyevin çıxışında siyasi dialoqun davamlılığı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika sahəsində yeni imkanların yaradılması, investisiyaların təşviqi, humanitar əlaqələrin gücləndirilməsi, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyətin daha da inkişaf etdirilməsi kimi məsələlər əsas prioritetlər kimi ön plana çıxarılmışdır.