YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev məktəbi” layihəsinin iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan “Heydər Əliyev məktəbi” layihəsinin iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub.

Səfərin əsas məqsədi gənclərə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini və vətənpərvərlik ideyalarını aşılamaq, onları işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, tarixi-mədəni irsin bərpası və bölgələrin sürətli inkişaf prosesi ilə yaxından tanış etmək olub.

İlk olaraq Ağdamda olan layihə iştirakçıları işğal dövründə şəhərin məruz qaldığı dağıntılar, eləcə də hazırda reallaşdırılan genişmiqyaslı yenidənqurma işləri ilə tanış olublar. Gənclər XIX əsr Şərq memarlığının möhtəşəm nümunələrindən biri olan Ağdam Cümə məscidini ziyarət edərək, abidənin tarixi, işğal illərindəki vəziyyəti və Vətən müharibəsindən sonra aparılan bərpa işləri barədə ətraflı məlumat əldə ediblər.

Səfər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş Qarabağ xanlığının banisi Pənahəli xanın İmarət kompleksi və burada yerləşən xanlıq qəbiristanlığı da ziyarət edilib. İştirakçılara kompleksin tarixi əhəmiyyəti, Qarabağ xanlarının irsi və həyata keçirilən bərpa konsepsiyası haqqında geniş məlumat verilib.

Sonra Xankəndi şəhərində regionun elm və təhsil mərkəzinə çevrilməkdə olan Qarabağ Universiteti ziyarət edilib. Burada yaradılmış müasir təhsil infrastrukturu, tələbə və gənclər üçün formalaşdırılmış şərait barədə iştirakçılara ətraflı məlumat təqdim olunub.

Daha sonra gənclər Xankəndinin mərkəzi meydanı və Zəfər parkı ilə tanış olublar. Şəhərdə həyata keçirilən abadlıq və yenidənqurma işləri, müasir şəhərsalma prinsiplərinə uyğun infrastruktur layihələri, həmçinin Xankəndinin ölkənin ictimai və mədəni həyatında yenidən öz layiqli yerini tutması iştirakçılarda böyük qürur hissi yaradıb.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada iştirakçılar Cıdır düzünü, İsa bulağını, mərkəzi meydanda Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər. Şuşanın zəngin tarixi-mədəni irsini əks etdirən məkanlarda aparılan bərpa və abadlıq işləri ilə yaxından tanışlıq olub.

Layihə iştirakçıları, həmçinin Şərqi Zəngəzurun füsunkar təbiətini əks etdirən Həkəri çayı sahilində olublar. Onlar bölgənin zəngin təbii resursları, ekoloji potensialı və unikal landşaftı haqqında məlumat əldə ediblər.

Səfərin sonunda iştirakçılar zəngin təəssüratlarla ayrıldıqlarını bildirərək, belə layihələrin gənclərin vətənpərvərlik ruhunun, milli-mənlik şüurunun və dövlətçilik ənənələrinə bağlılığının möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv