Xəbərlər
“Milli mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi”
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının yaranmasının 151 illiyinə həsr olunmuş “Milli mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və MEK-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mina İbrahimova çıxış ediblər.
Natiqlər milli mətbuatın cəmiyyətin maariflənməsində, milli-mənəvi dəyərlərin təbliğində və obyektiv informasiya mühitinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Çıxışlarda Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən siyasətdən və Vətən müharibəsi dövründə Azərbaycan mediasının göstərdiyi peşəkarlıqdan ətraflı bəhs edilib. “Əkinçi” qəzetindən başlayan şərəfli ənənələrin bu gün də uğurla davam etdirildiyi bildirilib.
Sonra Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndəsi fəxri fərman və təşəkkürnamə ilə təltif olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Daha sonra iştirakçılar Mərkəzi Elmi Kitabxananın sərgi salonunda nümayiş etdirilən kitab sərgisi ilə tanış olublar.
