YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 14 İyul - Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü münasibətilə tədbir keçirilib.

YAP Tərtər rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev bildirib ki, 1969-cu il 14 iyul tarixində Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ölkənin inkişaf tarixində mühüm dönüş mərhələsinin başlanğıcı olub. Qeyd edilib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın iqtisadi, elmi, mədəni və sosial inkişafı üçün mühüm addımlar atılıb.

Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev çıxışında vurğulayıb ki, həmin dövrdə əsası qoyulan inkişaf strategiyası sonrakı illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynayıb.

Tərtər Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Tural Həsənov, Rayon Mərkəzi Xəstəxanasının həkimi Lütfiyyə Bağırova və Heydər Əliyev Mərkəzinin bələdçisi Əzizə Kərimova Ulu Öndərin zəngin dövlətçilik irsindən, xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər.

Bildirilib ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası bu siyasətin uğurlu nəticələrindəndir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə Tərtər rayonunun Yuxarı Qapanlı kəndində su təminatının yaxşılaşdırılması məqsədilə layihə həyata keçirilib.

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtərdə 250-yə yaxın sakinin istifadəsində olan su çənləri (su kompleksi) əsaslı təmir-bərpa olunaraq yenidən istifadəyə verilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədov, Dövlət Su Ehtiyatları Agentliyinin Tərtər rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.