YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tərəqqi yolunun başlanğıcı - müstəqil və qüdrətli Azərbaycan naminə”

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü ilə əlaqədar “Tərəqqi yolunun başlanğıcı - müstəqil və qüdrətli Azərbaycan naminə” mövzusunda tədbir keçirilib.

Əvvəlcə iştirakçılar Şəmkir şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev bildirib ki, 14 iyul 1969-cu il Azərbaycan tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalıb. Məhz həmin tarixdən etibarən respublikanın bütün sahələrində genişmiqyaslı inkişaf və islahatlar mərhələsi başlayıb.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkənin gələcək müstəqil inkişafının iqtisadi, siyasi və sosial əsasları formalaşdırılıb, Azərbaycan keçmiş ittifaq miqyasında qabaqcıl respublikalardan birinə çevrilib. Bu baxımdan 14 iyul 1969-cu il xalqımızın tarixi taleyində mühüm əhəmiyyət daşıyan, Azərbaycanın tərəqqi yolunun başlanğıcı kimi qiymətləndirilir.

Vurğulanıb ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev bütün fəaliyyəti boyu Vətənə və xalqa sonsuz sədaqət nümayiş etdirib, milli maraqların qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın inkişafı naminə misilsiz xidmətlər göstərib. Onun uzaqgörən siyasəti müasir müstəqil Azərbaycanın formalaşmasında mühüm rol oynayıb.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası dayanır. O bildirib ki, Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkənin beynəlxalq nüfuzu daha da artıb.

Aynur Abdullayeva vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar, düşünülmüş daxili və xarici siyasət nəticəsində Azərbaycanın dinamik inkişafı təmin edilir, əhalinin rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.

Tədbirdə çıxış edən ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları - Aybəniz Nəsibova, Roza Orucova, Pərvin Gözəlov, Adil Mustafayev, şəhid anası Xanımzər Əhmədova, Arzu Həsənova və başqaları Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki misilsiz xidmətlərindən danışıblar.