YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni inkişaf mərhələsi

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana rəsmi səfəri ölkəmizin xarici siyasətində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüşlər zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, enerji təhlükəsizliyi, yaşıl enerji, regional əməkdaşlıq, nəqliyyat dəhlizləri və Cənubi Qafqazda davamlı sülh məsələləri geniş müzakirə olundu. Görüşün yekununda Prezident İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edərək əməkdaşlığın perspektivlərini və qarşılıqlı maraq doğuran məsələlərə dair mövqelərini açıqladılar. Ölkə Prezidenti İlham Əliyevin bəyanatı Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin strateji əhəmiyyətini bir daha nümayiş etdirməklə yanaşı, ölkənin regional və qlobal proseslərdə artan rolunu aydın şəkildə əks etdirdi.

Yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi məsləhətləşmələr və davamlı dialoq tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət etdiyini nəzərə alsaq, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu müşahidə edərik.

Azərbaycan müstəqil və balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək həm Avropa İttifaqı, həm də digər beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurur. Prezident İlham Əliyev qeyd etdiyi kimi, Azərbaycanın xarici siyasətinin əsas məqsədi milli maraqların qorunması, regional sabitliyin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.

Bəyanatda əsas diqqət enerji sahəsində əməkdaşlığa, enerji təhlükəsizliyində Azərbaycanın roluna yönəldilmişdir. Prezident İlham Əliyev Azərbaycanın uzun illərdir Avropanın etibarlı enerji tərəfdaşı olduğunu xüsusi vurğulayaraq, qeyd edib ki, Azərbaycan təbii qazın Avropa bazarına fasiləsiz və etibarlı şəkildə çatdırılmasını təmin edən ölkələrdən biridir.

Son illərdə Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə ixrac edilən qazın həcminin artması enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Azərbaycanın rolunu daha da gücləndirmişdir. Avropa dövlətlərinin enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycanın xüsusi yeri var.

Mətbuata verilən bəyanatda yaşıl enerji sahəsində həyata keçirilən layihələrdən də bəhs edilib. Xəzər dənizinin külək enerjisi potensialı, günəş elektrik stansiyalarının tikintisi və yaşıl hidrogen istehsalı üzrə planlar Azərbaycanın gələcəkdə bərpa olunan enerji ixracatçılarından birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Ölkə Başçısı İlham Əliyev Azərbaycanın enerji siyasətinin artıq yalnız karbohidrogen ehtiyatları ilə məhdudlaşmadığını, ölkədə alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.

Azərbaycanın zəngin külək və günəş enerjisi potensialı həm daxili tələbatın ödənilməsi, həm də gələcəkdə Avropa bazarına yaşıl enerji ixracı üçün mühüm imkanlar yaradır. Bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir və qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə verir.

Cənubi Qafqazda davamlı sülhün təmin olunmasının vacibliyini xüsusi ilə diqqətdə saxlayan Prezident İlham Əliyevin bəyanatında vurğulayıb ki, Azərbaycan regionda uzunmüddətli sabitliyin yaradılması üçün bütün imkanlardan istifadə edir və sülh gündəliyinə sadiqdir.

Kommunikasiya xətlərinin açılması, nəqliyyat layihələrinin reallaşdırılması və iqtisadi inteqrasiyanın genişləndirilməsi region ölkələrinin inkişafına mühüm töhfə verə bilər. Azərbaycanın əlverişli coğrafi mövqeyi onu Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzinə çevirib. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Rəqəmsal iqtisadiyyat, yaşıl texnologiyalar, nəqliyyat, təhsil, innovasiya, iqlim siyasəti və investisiya sahələri də əməkdaşlığın əsas istiqamətlərinə çevrilməkdədir.

Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq həm region xalqlarının rifahına, həm də Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının inkişafına xidmət edəcəkdir. Bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlıq təkcə iqtisadi baxımdan deyil, həm də regional təhlükəsizlik və beynəlxalq ticarətin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bəyanat bir daha göstərdi ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu siyasət ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, iqtisadi inkişafına və regionda uzunmüddətli sabitliyin təmin olunmasına mühüm töhfə verməyə davam edəcəkdir.