YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Süni intellekt və innovasiya yeni inkişaf mərhələsini formalaşdırır

Nigar Məmmədova

Milli Məclisin deputatı

Azərbaycan rəqəmsal transformasiya sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar, qəbul edilən strateji sənədlər və yaradılan yeni idarəetmə mexanizmləri göstərir ki, ölkədə rəqəmsal inkişaf dövlət idarəçiliyinin, iqtisadiyyatın, təhsilin və milli təhlükəsizliyin əsas istiqamətlərindən birinə çevrilib. Məlumatların mühafizəsi, şəxsi məlumatların emalı, süni intellektdən etik istifadə, kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və elektron xidmətlərin hüquqi əsaslarının beynəlxalq təcrübəyə uyğun şəkildə təkmilləşdirilməsi vacibdir. Güclü qanunvericilik həm vətəndaşların hüquqlarını qoruyur, həm də innovasiyalara investisiya cəlb edilməsinə əlverişli mühit yaradır.

Bu ilin fevralında cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirədə rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahəsində qarşıya qoyulan yeni vəzifələr müəyyənləşdirildi. Bu  qərarların davamı olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması dövlət siyasətinin vahid mərkəzdən koordinasiya olunmasına, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə və innovasiya əsaslı iqtisadi inkişaf modelinə keçidin sürətləndirilməsinə xidmət edir. Cənab Prezidentin də söylədiyi kimi, “rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir.”

Əsas hüquqi bazanı Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təşkil edir. Sənəd ölkənin qarşıdakı üç il ərzində rəqəmsal transformasiyasını təmin edəcək strateji yol xəritəsidir. Fəaliyyət Planı dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq rəqəmsal reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və rəqəmsal iqtisadiyyatın ÜDM-də payının artırılması kimi mühüm hədəfləri özündə birləşdirir.

Sənəd İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb. Beləliklə, rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik üzrə həyata keçirilən tədbirlər ilk dəfə vahid strateji idarəetmə modeli çərçivəsində əlaqələndirilir. Bu məqsədlə bütün dövlət qurumlarında rəqəmsallaşma proseslərinə rəhbər müavini səviyyəsində məsul şəxslər təyin olunub ki, bu da islahatların icrasına vahid yanaşmanı təmin edir.

İyunun 29-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında da “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası, qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə edildi. Mehriban xanım da çıxışında bildirdi ki, Fəaliyyət Planının icrası Şuranın əsas fəaliyyət istiqamətidir və dövlət idarəçiliyində rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı, investisiyaların və startapların dəstəklənməsi əsas prioritetlər sırasındadır. Birinci vitse-prezident süni intellekt texnologiyalarının inkişafında Azərbaycanın milli maraqlarının hər zaman əsas götürüləcəyini xüsusi qeyd etdi. Beləliklə, Fəaliyyət Planının icrası çərçivəsində Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin Hökumət Buluduna köçürülməsi, “mygov” platformasının genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun formalaşdırılması istiqamətində işlər davam etdirilir.

Paralel olaraq, innovasiya və rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyəcək geniş qanunvericilik islahatları da hazırlanır. Həmçinin təhsil sistemində də həyata keçirilən rəqəmsal transformasiyalar ölkədə insan kapitalının inkişafına mühüm töhfələr verir. Rəqəmsallaşma istiqamətində həyata keçirilən ən mühüm layihələrdən biri “mygov” platformasının vahid dövlət xidmətləri ekosisteminə çevrilməsidir. Məqsəd vətəndaşların müxtəlif dövlət qurumlarının ayrı-ayrı mobil tətbiqlərindən istifadə etməsinə ehtiyac qalmadan bütün elektron xidmətləri bir platformadan əldə etməsidir.

Dövlət xidmətlərinin proaktiv təqdim edilməsi də islahatların əsas istiqamətlərindəndir. Artıq yaşa görə əmək pensiyası vətəndaş müraciəti olmadan təyin edilir. Yaxın dövrdə uşağın doğulmasına görə birdəfəlik müavinətin də avtomatik təyin olunması planlaşdırılır. Şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsinin etibarlılıq müddətinin başa çatması barədə vətəndaşlar əvvəlcədən məlumatlandırılacaq, hərbi tibbi müayinəyə çağırışlar isə tam rəqəmsal qaydada həyata keçiriləcək. Təsadüfi deyil ki, son üç ay ərzində “mygov” platformasının istifadəçilərinin sayı 2,7 milyondan 3,5 milyona yüksəlib ki, bu da cəmi üç ay ərzində təxminən 30 faizlik artım deməkdir. Fəaliyyət Planında süni intellekt ayrıca strateji istiqamət kimi müəyyənləşdirilib. Cənab Prezidentin də bəyan etdiyi kimi, “bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir”.

Eyni zamanda rəqəmsal transformasiyanın ayrılmaz hissəsi kibertəhlükəsizliyin gücləndirilməsidir. Bu məqsədlə yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyəti nəticəsində sistem kibertəhdidlərin operativ aşkarlanmasını, insidentlərə çevik reaksiyanı və kritik informasiya infrastrukturunun etibarlı mühafizəsini təmin edəcək.

Həyata keçirilən islahatlar göstərir ki, Azərbaycan artıq rəqəmsallaşmanı milli təhlükəsizliyin möhkəmləndirilməsi üçün strateji inkişaf modeli kimi qəbul edir. 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planının uğurla icrası nəticəsində dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsi, vətəndaş məmnuniyyətinin artması, süni intellekt texnologiyalarının geniş tətbiqi və Azərbaycanın regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin formalaşacaq.

DİGƏR Xəbərlər Arxiv