Xəbərlər
Fəal siyasi dialoq və qarşılıqlı etimad: strateji tərəfdaşlığın yeni perspektivləri
Bədəl Bədəlov
Milli Məclisin deputatı
İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş tərəflər arasında əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlətimizin başçısının görüşdən sonra verdiyi bəyanat təsdiqləyir ki, Avropa Komissiyası ilə münasibətlər artıq yalnız enerji əməkdaşlığı çərçivəsində deyil, siyasi dialoq, iqtisadi inteqrasiya, yaşıl enerji, beynəlxalq nəqliyyat marşrutları və regional təhlükəsizlik kimi geniş spektri əhatə edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji və ərzaq təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və regional sabitliyin beynəlxalq gündəliyin əsas mövzularına çevrildiyi bir dövrdə bu görüş xüsusi siyasi və iqtisadi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Son aylarda Avropa İttifaqının ali rəhbərliyinin ölkəmizə həyata keçirdiyi ardıcıl səfərlər qarşılıqlı münasibətlərin inkişaf tempini nümayiş etdirir. Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın, iyul ayında isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin səfərləri siyasi dialoqun intensiv və davamlı xarakter aldığının göstəricisidir. Bu səfərlər tərəflərin mövcud əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını təsdiqləyir.
Müasir beynəlxalq münasibətlər sistemində iqtisadi əməkdaşlıq dövlətlər arasında siyasi münasibətlərin əsas komponentlərindən birinə çevrilib. Prezident İlham Əliyev vurğulayıb ki, ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Bununla yanaşı, Avropa İttifaqının Cənubi Qafqaz üzrə ticarət dövriyyəsinin böyük hissəsinin Azərbaycanla aparılması respublikanın region iqtisadiyyatındakı aparıcı mövqeyini bir daha nümayiş etdirir. Bu göstəricilər uzun illər ərzində həyata keçirilən iqtisadi islahatların, əlverişli investisiya mühitinin və müasir iqtisadi infrastrukturun nəticəsidir.
Prezident İlham Əliyevin bəyanatında enerji təhlükəsizliyi əsas prioritetlərdən biri kimi təqdim olunub. 4 il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu konkret nəticələr verib və Avropaya təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda ixrac olunan təbii qazın yarısı Avropa bazarına yönəldilir və Avropa İttifaqının 10 üzv dövləti bu enerjidən istifadə edir. Enerji əməkdaşlığı təkcə iqtisadi layihə deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Bu gün hər ölkə üçün enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ən mühüm amilinə çevrildiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın böyük dərəcədə siyasi səylər qoyduğunu, diplomatik fəaliyyət apardığını və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırdığını bildirib. Enerji əməkdaşlığının ən mühüm nəticələrindən biri Cənub Qaz Dəhlizidir. Prezident İlham Əliyev bu layihəni ümumi fəaliyyətin gözəl nümunəsi kimi dəyərləndirib. 3500 kilometrlik boru kəməri sistemi Xəzər qazını Avropa bazarına təhlükəsiz şəkildə çatdırmaqla yanaşı, enerji mənbələrinin şaxələndirilməsi siyasətinə mühüm töhfə verir. Bu layihə həm də uzunmüddətli tərəfdaşlığın, qarşılıqlı etimadın və birgə məsuliyyətin nümunəsi kimi çıxış edir.
Prezident İlham Əliyev beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına diqqət yetirib. Şərq–Qərb və Şimal–Cənub marşrutlarının üzərində yerləşən Azərbaycan son illərdə genişmiqyaslı nəqliyyat infrastrukturu yaradıb. Dəniz limanlarının modernləşdirilməsi, dəmir yollarının yenilənməsi, avtomobil yollarının tikintisi və logistika mərkəzlərinin yaradılması nəticəsində tranzit imkanları əhəmiyyətli dərəcədə genişlənib. Bu gün ölkə ərazisindən keçən yüklərin həcmi bütün istiqamətlər üzrə artır. Yeni geosiyasi vəziyyət beynəlxalq ticarət marşrutlarının alternativliyini daha da aktuallaşdırdığı üçün bu sahəyə yatırılan investisiyalar gələcək inkişaf baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev bəyanatında bərpaolunan enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivlərinə də toxunub. Günəş və külək enerjisi üzrə imzalanmış müqavilələr yaxın beş-altı il ərzində səkkiz giqavat həcmində yeni enerji istehsalına imkan verəcək. Bu layihələr daxili enerji balansının optimallaşdırılması ilə yanaşı, gələcəkdə yaşıl enerjinin Avropa bazarına ixracı üçün də geniş imkanlar yaradır. Beləliklə, enerji sahəsində tərəfdaşlıq yeni mərhələyə qədəm qoyaraq bərpaolunan enerji istiqamətində də inkişaf edir.
Prezident İlham Əliyev görüşdə regional təhlükəsizlik məsələlərinin də geniş müzakirə olunduğunu bildirib. Ermənistanla normallaşma prosesi artıq mühüm nəticələr verir və ötən il Vaşinqtonda imzalanmış Birgə Bəyannamə regionda yeni siyasi reallıq yaradıb. Bu gün artıq sülhün nəticələri praktik müstəvidə hiss olunur. Ermənistan istiqamətində yük tranziti üçün məhdudiyyətlərin aradan qaldırılması, enerji məhsullarının çatdırılması və digər humanitar addımlar qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Uzunmüddətli sabitlik yalnız siyasi sənədlərlə deyil, real əməkdaşlıq layihələri ilə təmin edilir. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Bu baxımdan Avropa Komissiyasının göstərdiyi siyasi dəstək xüsusi əhəmiyyət daşıyır. Regional kommunikasiya layihələrinin genişlənməsi, iqtisadi əlaqələrin dərinləşməsi və yeni enerji marşrutlarının yaradılması Cənubi Qafqazın gələcək inkişaf modelini müəyyən edən əsas amillərdən biridir.
Siyasi dialoqun intensivləşməsi, enerji və yaşıl enerji sahələrində strateji əməkdaşlığın genişlənməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi tərəfdaşlığın möhkəmlənməsi və regional sülh prosesinin dəstəklənməsi qarşılıqlı münasibətlərə yeni məzmun qazandırır. Bu əməkdaşlıq modeli Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə, Avrasiyada nəqliyyat-logistika sisteminin inkişafına, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasına və beynəlxalq əməkdaşlığın yeni formatının formalaşmasına mühüm töhfə verir.
