Xəbərlər
Gələcəyə çağırış
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Mayın 25-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədə kənd təsərrüfatının ayrı-ayrı mərhələlər üzrə inkişaf səviyyəsi geniş təhlil edildi, Regional inkişaf proqramlarının icrasının hansı uğurlara yol açdığı əsaslı şəkildə diqqətə çatdırıldı. Cənab İlham Əliyev qeyd etdi ki, 2004-cü ildə ilk təşəbbüslərimdən biri Regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik Regional inkişaf proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı.
Müşavirədə kənd təsərrüfatını inkişafını şərtləndirən amillər geniş təhlil edildi. Su ehtiyatlarından səmərəli istifadə, torpaq fonduun qorunması və müasir suvarma sistemlərinin tətbiqi məsələləri müzakirə edildi. Prezident İlham Əliyev qeyd etdi ki, su təchizatı olmadan kənd təsərrüfatının inkişafı mümkün deyil. Burada da bir çox önəmli layihələr icra edildi: “Su anbarları - Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır, Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək”.
Şirvan kanalına gəldikdə isə bunun tikintisinə beton kanal olaraq başlanılıb və gələn il artıq istifadəyə veriləcək. Bu da böyük həcmdə torpaq sahələrini su ilə təmin edəcək. Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlanılıb. Vaxtilə bunlar Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları adlandırılırdı. Amma Aşağı Şirvan, Aşağı Qarabağ kanalları olmadığı üçün qərara gəlindi ki, bunları elə Şirvan və Qarabağ kanalları adlandıraq. Yəni bu kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək. Cənab İlham Əliyev bu çağırışı etdi ki, bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da Dövlət Proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hazırda 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər.
İqlim dəyişikliklərinin təsirlərinin artdığı bir dövrdə aqrar sahədə innovativ yanaşmaların tətbiqi, rəqəmsal idarəetmənin genişləndirilməsi və elmi əsaslı mexanizmlərin gücləndirilməsi olduqca vacibdir. Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi tapşırıqlar kənd təsərrüfatının gələcək inkişaf yol xəritəsini müəyyənləşdirir. Azərbaycanın kənd təsərrüfatı siyasətində əsas məqsədlərdən biri daxili bazarın yerli məhsullarla təmin olunması və ərzaq təhlükəsizliyinin tam təmin edilməsidir. Dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.
Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Əldə olunan uğurlar və qarşıya qoyulan məqsədlər göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da aqrar sahədə davamlı uğurları ilə diqqətdə olacaq. Azərbaycanın iqtisadi qüdrəti daha da artacaq. Dövlət başçısı İlham Əliyevin 25 may 2026-cı il tarixli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamı bütün bu məqamlara aydınlıq gətirir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması, Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi əsas hədəflər sırasındadır. Hər bir sahənin inkişafında hüquqi baza rolunu oynayan bu sənədlərin qəbulu və uğurlu icrası gələcəyə çağırışdır. Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Qeyd olunan Dövlət Proqramı bu hədəfləri özündə ehtiva edir.
