YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kənd təsərrüfatı yeni inkişaf mərhələsindədir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev bu günlərdə kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədə dünənimizə, bu günümüzə baxış əsasında qarşıdakı dövr üçün prioritetləri açıqladı. Bildirdi ki, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Belə bir  əminlik də ifadə olundu ki, bu proqram icra ediləndən sonra  əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir.

Qeyd edək ki, müşavirənin keçirildiyi tarixdə, may ayının 25-də dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzaladı.  Sənəddə də vurğulandığı kimi, məqsəd kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın  ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsidir. Qeyd edilən Dövlət Proqramının icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin, ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq, akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa  əsaslanan, rəqabətqabiliyyətli inkişaf modelinə keçidin  təmin edilməsi nəzərdə tutulur.

Cənab İlham Əliyev müşavirədə onu da qeyd etdi ki, bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.

İkinci vacib amil isə bu günlərdə Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də öz əksini tapdı. Bu, genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın məsələsidir. Cənab İlham Əliyev bildirdi ki, bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Regional İnkişaf  proqramlarının  məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar. Bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik.

Müşavirə kənd təsərrüfatının gələcək inkişafında yol xəritəsinin təqdimatı ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyev kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının artırılmasından, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı üçün görülən və görüləcək işlərdən, subsidiyaların verilməsindən, ölkəmizdə investisiya iqliminin möhkəmləndirilməsindən, xarici investorların  bu sahəyə marağının daha da artırılması üçün maarifləndirmə işlərinin gücləndirilməsindən  geniş bəhs etdi. Torpaqlardan səmərəli istifadə, su təchizatının yaxşılaşdırılması da diqqət göstərilən məsələlər sırasında oldu. Bitkiçiliyin, heyvandarlığın inkişafı, məhsuldarlığın artırılması geniş müzakirə edildi. Hər bir məsələ, təbii ki, kənd təsərrüfatının inkişafı üçün əsasdır. Artıq bu gün ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində işğaldan azad edilmiş ərazilərimizin də potensialından səmərəli istifadənin vacibliyinin günümüzün əsas məsələlərindən olduğunu nəzərə alsaq qəbul edilən Dövlət Proqramının gələcək inkişafa töhfələrinin aydın mənzərəsini yarada bilərik. Qeyri-neft sektorunun inkişafı əsasdır. Onun mühüm tərkib hissəsi olan aqrar sektor hər zaman iqtisadi uğurlarımızda xüsusi qeyd edilir.