Xəbərlər
Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Prezident İlham Əliyevin sədrliyi ilə may ayının 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Cənab İlham Əliyevin müşavirəki çıxışı kənd təsərrüfatının bu günü və gələcəyi ilə bağlı mühüm çağırışlarla zəngin oldu. Dövlətimizin başçısı İlham Əliyev yalnız kənd təsərrüfatının deyil, ümumilikdə qeyri-neft sektorunun hazırkı inkişaf səviyyəsini geniş təhlil etdi. Reallıq budur ki, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Cənab İlham Əliyevin 2003-cü ildə “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışı hazırda reallıqda öz təsdiqini tapıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasına başlanıldı və uğurlu nəticələr göz qabağındadır. Prezident İlham Əliyev müşavirədə bu Proqramların Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində əhəmiyyətli rolunu əsaslı şəkildə diqqətə çatdırdı. Belə ki, “Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi” söyləyən cənab İlham Əliyev bildirdi ki, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi.
Prezident İlham Əliyev bu fikirləri ilə kənd təsərrüfatını ümumi regional inkişafın əsas tərkib hissəsi kimi qiymətləndirdi. Diqqət göstərilən əsas məsələlərdən biri ərzaq təhlükəsizliyi oldu. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün ön plandadır. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır. İkinci vacib amil bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də öz əksini tapmışdır. Bu, genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axındır. “Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir” deyən cənab İlham Əliyev vurğuladı ki, ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır.
Dövlətimizin başçısı İlham Əliyev yerli istehsalın artırılması, ixracın coğrafiyasının genişləndirilməsi məsələlərinə də xüsusi diqqət yönəltdi. Bu məqamı xüsusi qeyd etdi ki, biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bu gün ölkəmizin beynəlxalq əlaqələri çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır: “Beləliklə, bizim istehsalımızla bağlı özümüzü təminetmə əmsalı və bəzi rəqəmlər səsləndiriləcək. Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır”.
Cənab İlham Əliyevin çıxışında qeyri-neft sektorunun inkişafı xüsusi yer tutdu. Enerji sektorundan asılılığın azaldılması və alternativ iqtisadi sahələrin inkişaf etdirilməsi bu gün ölkənin dayanıqlı inkişaf modelinin əsas tərkib hissələrindən biridir. Dövlətimizin başçısı müasir suvarma sistemlərinin qurulmasının, rəqəmsal idarəetmə mexanizmlərinin və innovativ yanaşmaların məhsuldarlığın artırılmasında mühüm rol oynadığını bildirdi.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu günədək əldə edilən uğurların təhlili əsasında yeni Dövlət Proqramının təsdiqlənməsi Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsində kənd təsərrüfatının mühüm rola malik olduğunu bir daha təsdiqləyir.
