Xəbərlər
Ölkə iqtisadiyyatının mühüm istiqamətlərindən biri
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən çağırışlar, qarşıya qoyulan hədəflər hazırda mətbuatda geniş şəkildə şərh edilir. Diqqəti son illər kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən islahatlara, icra edilən Dövlət Proqramlarına yönəldən cənab İlham Əliyev vurğuladı ki, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu Proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi. Bu məqamlara da diqqət yönəldildi ki, əgər biz azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir. Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Bu illər ərzində bir neçə Dövlət Proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir.
Kənd təsərrüfatının inkişafında subsidiyaların da böyük əhəmiyyəti var. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Müxtəlif güzəştlər verilir. Bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində baramaçılıq da bərpa edildi. Bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başladı: “Belə misallar çoxdur, yəni çox vaxt itirmək istəmirəm. Sadəcə olaraq, bildirməliyəm ki, bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi”.
Müasir texnologiyaların tətbiqi, aqroparkların yaradılması və sair kimi mühüm amillər də kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev müşavirədə onu da qeyd etdi ki, kənd təsərrüfatının inkişafı ilə əlaqədar birinci proqramı qəbul edəndə soyuducu anbarların yaradılması məsələsi çox kəskin dayanmışdı. Çünki bu olmadan məhsulu saxlamaq mümkün deyil. Son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. Burada da onların mütləq əksəriyyəti güzəştli, azfaizli kreditlər hesabına yaradılıb. Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır.
Hazırda kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm istiqamətlərindən biri kimi diqqətdədir. Kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması, ixrac potensialının genişləndirilməsi və rəqabətqabiliyyətli məhsul istehsalı əsas hədəflərdəndir. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, məhsuldarlığa gəldikdə, son illər ərzində burada artım var və biz bunu yüksək qiymətləndiririk. Misal üçün taxılçılıqda, bu gün hər hektardan 3,2 ton məhsul yığılır. Əvvəlki illərdə bu, təqribən 2 ton, bəlkə də bir qədər çox idi. Məqsəd bunu 5 tona çatdırmaqdır. Pambıqçılığa gəldikdə ölkəmizdə hektardan məhsuldarlıq cəmi 1 ton idi, görülmüş işlər nəticəsində 3,6 tona çatıb. Bu da bütün dövrləri, hətta sovet dövrünü götürsək, ən yüksək nəticədir. Amma məqsəd hər hektardan ən azı 5 ton götürməkdir. Belə olan halda bizdə 100 min hektarda ki, pambıq əkilir, 500 min ton pambıq istehsal olunacaq. Əlbəttə ki, bunun ondan sonrakı emalı məsələlərinə də biz baxırıq. İplik, ondan sonra hazır məhsul - qarşıya məqsəd qoyulmalıdır ki, biz mahlıc ixrac etməyək, hazır məhsul istehsal edək, ixrac edək. Bu istiqamətdə artıq işlər görülür. Yeni fabriklər qurulmalıdır. İntensiv bağçılıqdan bəhs edən cənab İlham Əliyev bildirdi ki, biz bunun da müsbət nəticəsini görürük, o cümlədən azad edilmiş torpaqlarda: “Ağalı kəndinin yaxınlığında salınmış meyvə bağı. Mən bu yaxınlarda Zəngilanda olarkən məlumat verildi ki, artıq oradan ixrac da olunur. Yəni intensiv bağçılıq, xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada qarşıya məqsəd qoyulur ki, 20 min yeni hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun”.
Kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən siyasət, müəyyənləşdirilən hədəflər dövlətimizin gücünü, iqtisadi imkanlarını və gələcəyə hesablanmış strateji baxışını nümayiş etdirir.
