Xəbərlər
Davamlı inkişaf və müasir şəhər modeli
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
Azərbaycanın şəhərsalma tarixi qədim və zəngin ənənələrə söykənir. Ölkənin əlverişli coğrafi mövqeyi, xüsusilə Böyük İpək Yolu üzərində yerləşməsi tarixən şəhərlərin formalaşmasına və inkişafına mühüm təsir göstərmişdir. Gəncə, Naxçıvan, Şamaxı, Bakı və digər qədim şəhərlər təkcə iqtisadi mərkəzlər kimi deyil, həm də mədəniyyət, elm və dövlətçilik ənənələrinin formalaşdığı mühüm məkanlar kimi tanınmışdır. Bu şəhərlərdə formalaşan urban mühit dövrün sosial-iqtisadi tələblərinə uyğun inkişaf etmiş, milli memarlıq üslubu ilə zənginləşmişdir.
Tarixi dövrlərdə Azərbaycan şəhərlərinin planlaşdırılmasında məhəllə sistemi, ictimai məkanların təşkili, dini və mülki tikililərin harmoniyası xüsusi yer tutmuşdur. Karvansaralar, qalalar, məscidlər, körpülər və saraylar şəhər həyatının ayrılmaz hissəsinə çevrilmiş, bu abidələr xalqımızın mədəni və mənəvi dünyasını əks etdirmişdir. Möminə Xatun türbəsi, Xudafərin körpüləri, Atəşgah məbədi kimi tarixi abidələr Azərbaycan memarlıq məktəbinin yüksək inkişaf səviyyəsini nümayiş etdirir.
Bu gün həmin zəngin irs dövlət səviyyəsində qorunur və beynəlxalq miqyasda tanınır. İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və Şəkinin tarixi mərkəzi kimi abidələr UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Bu fakt Azərbaycanın qədim şəhər mədəniyyətinin ümumbəşəri dəyər daşıdığını təsdiq edir və müasir şəhərsalma siyasəti üçün mühüm mənəvi baza yaradır.
Azərbaycan şəhərsalmasının inkişafında keyfiyyətcə yeni mərhələ ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi dövründə şəhərsalma dövlət siyasətinin tərkib hissəsi kimi formalaşmış, tarixi irsin qorunması və müasir memarlıq layihələrinin milli ənənələrə uyğun həyata keçirilməsi prioritet istiqamətə çevrilmişdir. Bu dövrdə şəhər inkişafının institusional və hüquqi əsasları möhkəmləndirilmiş, uzunmüddətli urban inkişaf strategiyasının təməli qoyulmuşdur.
Müstəqillik illərində Azərbaycanın, xüsusilə paytaxt Bakı şəhərinin memarlıq siması sürətlə dəyişmişdir. Müasir dövrdə həyata keçirilən iri miqyaslı layihələr – Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Ağ Şəhər layihəsi və digər urban inkişaf nümunələri ölkənin iqtisadi gücünü və müasir dövlət imicini nümayiş etdirir. Eyni zamanda regionlarda həyata keçirilən infrastruktur layihələri şəhər və kəndlərin sosial-iqtisadi inkişafına mühüm töhfə vermişdir.
44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycan şəhərsalma siyasətinin yeni mərhələsini formalaşdırmışdır. Bu proses təkcə infrastrukturun bərpası deyil, həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilir.
Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhərsalma prinsiplərinə əsaslanan yeni yaşayış məkanları yaradılır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur, “yaşıl enerji”dən istifadə genişləndirilir və ekoloji dayanıqlılıq əsas prioritet kimi müəyyən edilir. Şuşa şəhərinin bərpası, Füzuli, Zəngilan və Ağdam kimi şəhərlərin yenidən qurulması Azərbaycanın müasir şəhərsalma sahəsində qabaqcıl təcrübə formalaşdırdığını göstərir.
Bu layihələr həmçinin əhalinin mərhələli şəkildə doğma torpaqlarına qayıdışını təmin edir, iqtisadi fəaliyyətin bərpasına və regionların inkişafına xidmət edir. Müasir şəhərsalma yanaşması insan mərkəzli inkişaf modelinə əsaslanaraq sosial rifahın yüksəldilməsini hədəfləyir.
Ümumilikdə, Azərbaycanın şəhərsalma siyasəti tarixi irsin qorunması ilə müasir urban inkişafın vəhdətini təmin edir. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dayanıqlı inkişaf edən, müasir şəhərsalma standartlarını tətbiq edən və beynəlxalq səviyyədə nüfuz qazanmış bir ölkə kimi mövqeyini daha da möhkəmləndirmişdir.
