Xəbərlər
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi ölkəmizin qlobal miqyasda artan nüfuzunun və etibarlı tərəfdaş imicinin daha bir təsdiqidir. 2026-cı il mayın 18-də Bakıda keçirilən BMT-nin Məskunlaşma Proqramının təşkilatçılığı ilə baş tutan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası WUF13 də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri hesab olunan forumun Azərbaycanda keçirilməsi ölkəmizin dayanıqlı inkişaf, müasir urbanizasiya və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forumun açılış mərasimində çıxış edərək tədbirin qlobal əhəmiyyətini vurğulayıb, Azərbaycanın şəhərsalma siyasəti, müasir urbanizasiya konsepsiyası və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib. Dövlət başçısı bildirib ki, WUF13 iştirakçı sayına görə rekord göstəricilərdən birinə nail olub və 182 ölkədən 45 mindən artıq iştirakçı forumda qeydiyyatdan keçib. Prezident qeyd edib ki, bu tədbir COP29-dan sonra Azərbaycanın ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq platformadır.
Dövlət Başçısı çıxışında Azərbaycanın coğrafi mövqeyinin və tarixi-mədəni irsinin şəhərsalma ənənələrinə təsirindən bəhs edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan tarixən Şərqlə Qərbin qovuşduğu məkan olub və bu xüsusiyyət ölkənin memarlığında, xüsusilə Bakının simasında aydın şəkildə əks olunur. İçərişəhərin qədim memarlıq nümunələri ilə müasir urbanizasiya elementlərinin harmoniyası Bakının unikal şəhərsalma modelini formalaşdırır. Prezident Bakı Bulvarının son illərdə əhəmiyyətli dərəcədə genişləndirildiyini və şəhərin müasir infrastrukturunun davamlı inkişaf prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.
Çıxış zamanı Azərbaycanın son illərdə həyata keçirdiyi iri infrastruktur layihələrinə də toxunulub. Prezident İlham Əliyev qeyd edib ki, paytaxt Bakıda və regionlarda müasir nəqliyyat sistemləri, yaşıllıq zonaları, sosial obyektlər və innovativ şəhərsalma həlləri tətbiq olunur. Dövlət başçısı vurğulayıb ki, şəhərlərin dayanıqlı inkişafı yalnız memarlıq və infrastruktur məsələsi deyil, həm də insanların rahat, təhlükəsiz və keyfiyyətli yaşayış mühitinin təmin olunması deməkdir.
Forum çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları xüsusi maraq doğurub. Prezident İlham Əliyev çıxışında bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri müasir urbanizasiya prinsiplərinə uyğun həyata keçirilir. Bölgədə ekoloji dayanıqlılıq, yaşıl enerji, rəqəmsal idarəetmə və innovativ həllər prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu yanaşma Azərbaycanın gələcək şəhərsalma siyasətinin əsas xəttini təşkil edir.
Dövlət Başçısı forumun beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından mühüm platforma olduğunu da qeyd edib. Dövlət başçısı vurğulayıb ki, urbanizasiya prosesləri qlobal çağırışlar fonunda bütün ölkələr üçün aktual məsələdir və bu sahədə təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, təhlükəsiz və dayanıqlı şəhərlərin qurulması dünya miqyasında sosial rifahın və iqtisadi inkişafın əsas şərtlərindən biridir.
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığının növbəti göstəricisi kimi qiymətləndirilir. Forum çərçivəsində müxtəlif ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və şəhərsalma sahəsində fəaliyyət göstərən mütəxəssislər bir araya gələrək qlobal urbanizasiya gündəliyini müzakirə edirlər. Tədbirin əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” olaraq müəyyən edilib.
Forumun Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin şəhərsalma sahəsində qazandığı təcrübənin dünya ictimaiyyətinə təqdim olunmasına geniş imkan yaradır. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın dayanıqlı inkişaf strategiyasının, müasir urbanizasiya baxışının və gələcəyə hesablanmış şəhərsalma siyasətinin beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
