YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın sülh və dayanıqlı inkişaf modeli”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının Samux şəhər Kolayır ərazi partiya təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Prezident İlham Əliyevin 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasındakı çıxışı ilə əlaqədar “Azərbaycanın sülh və dayanıqlı inkişaf modeli” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında səsləndirdiyi fikirlərin Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını nümayiş etdirdiyini bildirib. O qeyd edib ki, Bakı artıq yalnız regionun deyil, dünyanın mühüm siyasi, iqtisadi və humanitar tədbirlərinə ev sahibliyi edən nüfuzlu mərkəzlərdən birinə çevrilib.

G.Bayramov vurğulayıb ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsi, sivilizasiyalararası dialoqun təşviqi və dayanıqlı inkişaf sahəsində mühüm rol oynayır. Bildirilib ki, Bakıda keçirilən beynəlxalq tədbirlər ölkəmizin təhlükəsizliyini, sabitliyini və dünya birliyində artan mövqeyini bir daha təsdiqləyir.

Çıxış zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə də toxunulub. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesi Azərbaycanın müasir şəhərsalma və memarlıq sahəsində böyük təcrübəyə malik olduğunu göstərir.

Daha sonra tədbirdə çıxış edən partiya fəalları Səlminə Məmmədova, Samir Qurbanov və Leyli Süleymanova Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan danışıblar. Çıxışlarda vurğulanıb ki, ölkəmizin beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasının bariz göstəricisidir. Bakının beynəlxalq dialoq məkanına çevrilməsi Azərbaycanın artan siyasi nüfuzu və həyata keçirilən məqsədyönlü dövlət siyasətinin uğurlu nəticəsidir.