YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Avropa Siyasi Birliyi” regional inteqrasiyanın mühüm elementidir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasət uğurları qarşılıqlı səfərlərlə yanaşı, Prezident İlham Əliyevin iştirak etdiyi  beynəlxalq tədbirlərdə də özünü aydın ifadəsini tapır. Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı bir daha bu reallıqlara işıq saldı. “Əvvəlcə mən “Avropa Siyasi Birliyi”nin Zirvə görüşündə çıxış üçün etdiyi dəvətə görə Prezident Koştaya təşəkkürümü bildirmək istəyirəm” söyləyən  Prezident İlham Əliyev bildirdi ki, Prezident Antonio Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, tədbirə videobağlantı formatında qoşulacağam: “Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”.

Cənab İlham Əliyevin bu fikirləri Azərbaycanın beynəlxalq nüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın təsdiqidir. Həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə işıq salır. Azərbaycanın qurumla, eyni zamanda, üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurları, enerji və sülh təcrübəsi beynəlxalq miqyasda, o cümlədən Avropa İttifaqı tərəfindən  yüksək dəyərləndirilir. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi yeni əməkdaşlıq formatlarının yaradılmasında, iqtisadi əlaqələrin inkişafında  mühüm amildir. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında  vurğuladı ki, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Donald Tramp, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.

Sülh sahəsində digər nailiyyət isə bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm də Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın  ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin qısqanclıqla qarşılanmasına da diqqəti yönəltdi. Belə ki, Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürünü bildirən cənab İlham Əliyev vurğuladı: “Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA)”.

Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib.

Reallıq budur ki, sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir. Ermənistanın Baş naziri Nikol Paşinyan Zirvə görüşündə   çıxış edərək, Azərbaycanla sülhə nail olunduğunu, artıq iki ildir heç bir tərəfdə tələfat olmadığını və bu dövrün müstəqilliyimizdən bəri yaşadığımız misilsiz illər olduğunu bildirdi.