YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanda minifutbol turniri keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun və Beyləqan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yeniyetmələr və gənclər arasında minifutbol üzrə rayon turniri keçirilib.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun müdiri Sənan Quliyev və Beyləqan Olimpiya İdman Kompleksinin direktoru Gündüz İsgəndərov  iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsinə dərin ehtiram ifadə olunub.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, Azərbaycanda idmanın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafı diqqətdə saxlanılıb. Bu sahədə maddi-texniki baza yaxşılaşdırılıb, yeni idman kompleksləri tikilib, idman-sağlamlıq mərkəzləri yaradılıb. Qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi bu uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək davam etdirilir. Dövlət başçısı tərəfindən idman siyasətinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirməsi sayəsində Azərbaycan qlobal miqyasda idman ölkəsi kimi tanınır. Beyləqan rayonunda keçirilən silsilə idman yarışları da məhz bu uğurlu idman siyasətinin real nəticələrindəndir. Bu yarışlar qələbə uğrunda mübarizədən əlavə Ümummilli Lider Heydər Əliyevin ideyaları ətrafında sıx birləşməyin bir rəmzidir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin zirvələrə daşıdığı idman siyasəti Azərbaycanın parlaq gələcəyini təmin edən ən uğurlu strategiyalardan biridir.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş minifutbol turnirinin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, onların öz asudə vaxtlarını səmərəli keçirməsini təmin etməkdən ibarət olduğunu, bütün sahələrdə olduğu kimi Ümummilli Lider Heydər Əliyevin gənclər və idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanda gənclərin bilikli, elmli, sağlam və vətənpərvər ruhda yetişməsi üçün xüsusi tədbirlər həyata keçirildiyini, bu gün dahi şəxsiyyətin apardığı gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın bayrağının beynəlxalq kürsülərdə dalğalandığını və idmançılarımızın saysız-hesabsız uğurlara imza atdığını vurğulayıb.

Turnirin sonunda qaliblər elan olunub, minifutbol üzrə müvafiq olaraq III, II və I yerlərə layiq görülmüş komandalar diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Beyləqan rayon təşkilatı və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə gənc partiya fəallarının və məktəblilərin iştirakı ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Ulu Öndər Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi ziyarət edildikdən sonra Beyləqan rayon Heydər Əliyev Mərkəzində ziyarətçilərə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini əks etdirən eksponat və fotostendlər barədə məlumat verilib. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilən filmə baxılıb.