Xəbərlər
Qəbələdə “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatı, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan Regional nümayəndəliyinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Tədbirdən öncə iştirakçılar Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbələ rayon Mədəniyyət Mərkəzində davam edən yarışda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İntellektual yarışda 11 komanda mübarizə aparıb. Komandaları təmsil edən gənclər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol, İkinci Qarabağ müharibəsi zamanı qazanılmış tarixi Qələbə və ölkəmizin müasir tarixində baş verən mühüm hadisələrlə bağlı sualları cavablandırıblar.
Yarışın yekununda ilk üç yeri tutan komandalar kubok, medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
