Xəbərlər
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti”
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin direktoru Arzu Qafarova, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin müəllimi Nəzrin Əliyeva Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb. Qeyd olunub ki, Ümummilli Lider ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə milli mədəniyyətin və incəsənətin inkişafına xüsusi diqqət və qayğı göstərib.
Daha sonra çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ümummilli Liderin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən bəhs edərək bildirib ki, onun müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə mədəniyyət ocaqları bərpa olunur, yeni mədəniyyət müəssisələri inşa edilir, milli irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir.
Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə milli-mədəni irsin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Bu çərçivədə Azərbaycanın muğamı, aşıq sənəti və digər mədəniyyət nümunələri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.
Çıxışlarda həmçinin vurğulanıb ki, əldə olunan tarixi qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, dağıdılmış mədəniyyət abidələri bərpa edilir, yeni muzeylər və mədəniyyət mərkəzləri istifadəyə verilir.
Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin direktoru Arzu Qafarova çıxışında ölkəmizdə mədəniyyət sahəsinə göstərilən dövlət qayğısından bəhs edərək qeyd edib ki, bu sahə daim prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılır. Bildirilib ki, regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinə yaradılan şərait və uşaq incəsənət məktəblərinə göstərilən diqqət gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır.
Məktəbin müəllimi Arzu Hüseynzadə çıxışında Ümummilli Liderin rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinə göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayıb. O qeyd edib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində milli-mənəvi dəyərlər qorunub, mədəniyyət və incəsənət inkişaf edərək yeni mərhələyə qədəm qoyub.
Tədbirin bədii hissəsində məktəbin müəllim və şagirdləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim olunub. Ümummilli Liderə və vətənpərvərlik mövzusuna həsr edilmiş rəsm sərgisinə baxış keçirilib.
Sonda Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən partiyanın fəaliyyətində və mədəni tədbirlərdə fəal iştirak edən müəllimlər fəxri fərmanlarla təltif olunub, həmçinin tədbirdə fəal iştirak edən şagirdlərə təşəkkürnamələr verilib.
