Xəbərlər
Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə gənc partiya fəalları və məktəblilər üçün Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Beyləqan rayonundakı Heydər Əliyev parkında Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Mərkəzdə gənclərə müasir müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilib, onlar müxtəlif eksponatlar, fotoşəkillər və kitablarla tanış olublar.
Mərkəzdə davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Nicat Şirinov, Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova və digər çıxış edənlər Azərbaycanın müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və inkişafında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər.
Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gənc partiya fəalı fəxri fərmanlarla təltif olunub.
