YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zərifə Əliyeva – ziyalılıq və humanizm nümunəsi”

Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı və təşkilatın Zərdab rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi ərazi partiya təşkilatı tərəfindən “Zərifə Əliyeva – ziyalılıq və humanizm nümunəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə müstəqil Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev çıxış edərək yüksək insani keyfiyyətləri, bilik və bacarığı ilə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirən Zərifə xanım Əliyevanın xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi məskən saldığını bildirib, ölkəmizdə tibb elminin, xüsusilə oftalmologiyanın inkişafında xidmətləri olan akademikin fəaliyyəti nəticəsində neçə-neçə insanların öz sağlamlığına qovuşduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı olan Zərifə xanım Əliyeva daim onunla çiyin-çiyinə addımlayan, həyatın bütün sınaqlarında ona mənəvi dayaq olan nadir şəxsiyyətlərdən biri kimi tarixə düşmüş, o yalnız görkəmli alim və həkim kimi deyil, həm də xalqına böyük lider bəxş edən fədakar ana kimi yaddaşlara həkk olmuşdur. Azərbaycan xalqına Prezident İlham Əliyev kimi güclü siyasi xadim, uzaqgörən rəhbər yetişdirən Zərifə xanımın həyat yolu əsl vətənpərvərlik, zəhmət və mənəvi kamillik nümunəsidir. Öz sadəliyi, təvazökarlığı və yüksək mədəniyyəti ilə ətrafındakı hər kəsin hörmətini qazanan, daim insanlara faydalı olmağa çalışan, həm peşə fəaliyyətində, həm də ailə həyatında ideal bir obraz yaradan Zərifə xanım Əliyevanın əziz xatirəsi ölkəmizdə böyük ehtiramla anılır.

Tədbirdə çıxış edən Zərdab rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika şöbəsinin müdiri Xavər Teymurova, həkim oftalmoloq Esmira Tağıyeva akademik Zərifə xanım Əliyevanın görmə qabiliyyətinin qorunması və bərpası sahəsində apardığı mühüm tədqiqatlar və tətbiq etdiyi müasir müalicə üsulları ilə minlərlə insana ümid və şəfa bəxş etdiyini, görkəmli alimin çoxşaxəli fəaliyyətləri sırasında gənc mütəxəssislərin yetişdirilməsinin xüsusi yer tutduğunu, göz xəstəliklərinin diaqnostikası və müalicəsi sahəsində tətbiq etdiyi yeniliklərin bir çox xəstənin sağlamlığının bərpasında mühüm rol oynadığını bildirdilər.

Tədbirdə akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub, Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş şəxslərə vəsiqələr təqdim edilib.