YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı, Quba Rayon İcra Hakimiyyəti və “Fətəli xan küçəsi 10D” ünvanında yerləşən (Rayon Mərkəzi Xəstəxanası) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə görkəmli alim, tibb elmləri doktoru, oftalmoloq, ictimai xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.

Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Zərifə Əliyevanın oftalmologiya sahəsində qazandığı mühüm elmi uğurlardan bəhs edib. O qeyd edib ki, sovet dövründə ona verilmiş yüksək elmi adlar alimin nüfuzunun və fəaliyyətinin beynəlxalq səviyyədə tanındığının göstəricisidir və bu, xalqımız üçün böyük qürur mənbəyidir. Vurğulayıb ki, Zərifə Əliyeva həyat yoldaşı, Ulu Öndər Heydər Əliyevə daim mənəvi dayaq olub, onun çətin və məsuliyyətli fəaliyyətində yaxından iştirak edib. Bildirib ki, Zərifə xanımın zəngin həyat yolu, yüksək mənəvi dəyərləri və ailə modelinə sadiqliyi bu gün də Azərbaycan qadınları üçün örnək olaraq qalır.

Çıxış edən Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov Zərifə Əliyevanın tibb elminə verdiyi töhfələrdən ətraflı bəhs edib. O qeyd edib ki, Zərifə xanımın oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar bu gün də öz aktuallığını qoruyur və gənc həkimlər üçün mühüm elmi baza rolunu oynayır. Bildirib ki, Zərifə xanım Əliyevanın irsi yalnız Azərbaycan üçün deyil, ümumilikdə dünya tibb elmi üçün dəyərli töhfədir.

Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Aynur Yəhyayeva çıxış edərək Zərifə Əliyevanın həyat və fəaliyyətinin gənc nəsil üçün örnək olduğunu vurğulayıb. O qeyd edib ki, Zərifə xanımın humanizmə, elmə və səhiyyənin inkişafına verdiyi töhfələr onun adını daim yaşadacaq və gələcək nəsillər üçün mənəvi məktəb rolunu oynayacaq.

Digər çıxış edənlər də Zərifə Əliyevanın həyat yolundan, elmi və ictimai fəaliyyətindən söz açaraq, onun Azərbaycan qadınına xas olan ən ali keyfiyyətləri özündə birləşdirdiyini bildiriblər. Qeyd olunub ki, Zərifə Əliyeva həm görkəmli alim, həm də nümunəvi ana və həyat yoldaşı kimi yaddaşlarda əbədi yaşayır.

Tədbirdə partiyaya yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib, səhiyyə sahəsində göstərdikləri səmərəli fəaliyyətə görə bir qrup şəxs fəxri fərmanlarla təltif olunub.

Sonda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.