Xəbərlər
Tərtərdə Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları mərkəzi meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto sərgiyə baxıblar.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir çərçivəsində akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmməıdov çıxış edərək, bildirib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, yüksək mənəviyyat sahibi və əsl ziyalı kimi xalqımızın yaddaşında əbədi yaşayır. Qeyd olunub ki, onun oftalmologiya elminə gətirdiyi yeniliklər, yetişdirdiyi peşəkar kadrlar və insan sağlamlığının keşiyində dayanmaq naminə göstərdiyi fədakarlıq bu gün də səhiyyə işçiləri üçün nümunədir.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxışında qeyd edib ki, akademik Zərifə xanım Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə 1981-ci ildə oftalmologiya aləmində ən yüksək mükafata–SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb və professor həmin mükafata layiq görülən ilk qadın idi. Zərifə Əliyevanın zəngin elmi irsi və humanist fəaliyyətinin Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynamaqda davam edir. Zərifə xanımın həyat yolu gənc nəslin və tibb işçilərinin vətənə və peşəyə sədaqət ruhunda formalaşmasına töhfə verir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Bəkir Nağıyev, Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Şəfaqət Əzimova və səhiyyə işçiləri həmkarlar ittifaqının rayon komitəsinin sədri Pərvanə Xudiyeva çıxış edərək akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinə və tibb elminə verdiyi töhfələrdən danışıblar.
Tədbir konsert proqramı ilə başa çatıb.
