Xəbərlər
Azərbaycan-Koreya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan Respublikası və Koreya Respublikası arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov Koreya Respublikasının xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Kim Hong-kyunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Xələf Xələfov Azərbaycanın Koreya ilə siyasi dialoqun davam etdirilməsində maraqlı olduğunu bildirib. O, bu səpkidə olan səfərlərin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirə edilməsi və qarşılıqlı maraq doğuran əməkdaşlıq sahələri üzrə təkliflərin nəzərdən keçirilməsi baxımından faydalı olduğunu qeyd edib.
Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan Xələf Xələfov ikitərəfli əlaqələrin daha da dərinləşməsində yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin mühüm rol oynadığını deyib. Nazir müavin bu kimi səfərlər mübadiləsinin yeni istiqamətlərin müəyyənləşdirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb.
Koreya xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Kim Hong-kyun əvvəlcə dekabrın 4-də “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı Koreya Respublikasının Prezidenti xanım Park Geun-hye tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış başsağlığı məktubunu təqdim edib.
Kim Hong-kyun ölkələrimiz arasında əsası 2009-cu ildə qoyulmuş sayca ikinci siyasi məsləhətləşmələrdə münasibətlərin inkişafının müxtəlif aspektləri, beynəlxalq arenada əməkdaşlıq və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyətini vurğulayıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə bərqərar olmuş sabitliyin iqtisadi inkişafa münbit zəmin yaratdığını bildirib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin son on ildə 10 dəfə artdığını diqqətə çatdıran nazir müavini Koreyanın Azərbaycanda qeyri-neft sektorunun inkişafı və infrastrukturun modernləşdirilməsində əməkdaşlığın artırılmasına maraqlı olduğunu qeyd edib.
İkitərəfli münasibətlərin daha da inkişafı üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyini bildirən koreyalı nazir müavini baxılmaqda olan müqavilə layihələrinin imzalanmasının bu prosesə töhfə verəcəyini qeyd edib.
Nazir müavini Xələf Xələfov “Günəşli” yatağında baş vermiş qəza ilə bağlı Koreya Respublikası Prezidenti tərəfindən ünvanlanmış başsağlığı məktubuna görə təşəkkürünü bildirərək, şiddətli yanğın və qəza ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Dövlət Komissiyasının yaradıldığını diqqətə çatdırıb.
Xələf Xələfov siyasi məsləhətləşmələrin davam etdirilməsinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini vurğulayıb. İkitərəfli iqtisadi əlaqələrə toxunan nazir müavini Azərbaycanın Koreya şirkətlərinin ölkəmizə sərmayə qoyuluşunun artırılmasında, eləcə də müxtəlif layihələrə yaxından cəlb edilməsində maraqlı olduğunu bildirib.
Nəqliyyat-kommunikasiya, informasiya texnologiyaları, dəniz daşımaları kimi məsələlərin hazırda gündəmin prioritet məsələlərindən biri olduğunu qeyd edən Xələf Xələfov bu xüsusda həmkarına Cənub-Şərqi Asiyadan Avropaya yük daşımalarını daha səmərəli edəcək Şərq-Qərb nəqliyyat dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tezliklə istifadəyə verilməsi barəsində məlumat verib və bu layihəyə beynəlxalq ictimaiyyətin, eləcə də Çin, Mərkəzi Asiya dövlətləri və İpək Yolu boyunca yerləşən dövlətlərin xüsusi maraq göstərdiyini əlavə edib. O, həmçinin multimodal daşımalar həyata keçirən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında danışıb.
Xələf Xələfov həmkarına Cənubi Qafqaz regionunda sülh və sabitliyə başlıca təhdid yaradan və ümumilikdə regionun iqtisadi və sosial inkişafına mane olan Ermənistan-Azərbaycan münaqişəsi barəsində məlumat verdi. Azərbaycan ərazisinin beşdəbir hissəsinin hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu bildirən Xələf Xələfov münaqişənin həlli ilə əlaqədar ATƏT-in Minsk Qrupunun fəaliyyətinin heç bir real nəticə verməməsinin təəssüf doğurduğunu vurğulayıb. O, münaqişənin Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması əsasında həllinin alternativi olmadığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.