Xəbərlər
Erməni təcavüzünün qanlı səhifələri
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.
1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tariximizin obyektiv mənzərəsinin yaradılması üçün imkanlar əldə olundu. Ümummilli Lider Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə diqqət yönəldilməsin. Erməni yalanlarını faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdıran Ümummilli Lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi önəm də bu istəkdən qaynaqlanırdı. Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə əsaslı şəkildə çatdırılmalı, ermənilərin iç üzü onlara göstərilməlidir. Tarixin saxtalaşdırılmasına yol verməmək tapşırığı da Ulu Öndərin tariximizə verdiyi dəyərdən irəli gəlirdi. Məhz Ümummilli Liderin tapşırıqlarına uyğun olaraq faktları özündə əks etdirən xeyli sayda kitablar çap olundu və müxtəlif dillərə tərcümə olunaraq dünyaya çatırıldı. Ulu Öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu günün çağırışı dünyanın bu tarixi həqiqətlərə həqiqət gözü ilə baxıb düzgün, ədalətli mövqe nümayiş etdirməsidir.
“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və xarici dillərə tərcümə olunmuşdur. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır. Prezident İlham Əliyev Soyqırımı Memorial Kompleksinin açılış mərasimində bildirmişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.
Azərbaycan daim real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı ilə erməni yalanlarını ifşa etdi və bu gün də bu siyasət uğurla davam etdirilir. Baxmayaraq ki, Azərbaycan tarixi Zəfərə imza atıb, suverenliyini tam bərpa edib, işğaldan azad edilmiş ərazilərimiz həyatının yeni dövrünü yaşayır, informasiya mübarizəsi bütün dövrlər üçün aktualdır. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında tariximizin öyrənilməsinə, indiki və gələcək nəsillərə çatdırılmasına çağırışlar edir.
