Xəbərlər
Reallıqlar öz təsdiqini tapır
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Martın 12-dən 14-dək davam edən XIII Qlobal Bakı Forumunun nəticələri bu gün geniş müzakirə edilməkdədir. Qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilən Qlobal Bakı Forumunun bu günədək gündəmə gətirdiyi mövzulara diqqət yetirdikdə bir daha bu reallıq öz təsdiqini tapır ki, dünya gündəliyinin aktual məsələlərinin müzakirəsi üçün Azərbaycan ideal məkan kimi qəbul olunur. Ötən il XII Qlobal Bakı Forumunun mövzusu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” idisə, builki Forum “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” çağırışını müzakirəyə çıxardı. Dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi genişspektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir. Mərkəzin fəaliyyətini il ərzində diqqətlə izlədikdə görürük ki, fəaliyyət sahəsi getdikcə genişlənir. Təmaslar son dərəcə fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı Forumuna gəldikdə isə bu, çox nüfuzlu beynəlxalq tədbirdir. Qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – prezidentlərin, Baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər. Cənab İlham Əliyev gündəmə gətirilən mövzunun müzakirəsi fonunda belə bir çağırışı da diqqətə çatdırdı ki, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.
Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. “Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun” bildirən cənab İlham Əliyev onu da əlavə etdi ki, bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik. Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik.
30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpası, həmçinin postmünaqişə dövrünün reallıqları dövlət başçısı İlham Əliyevin hər bir çıxışında xüsusi olaraq qeyd edilir. Forumda Azərbaycanın sülhə gedən yolundan, sülh təcrübəsindən ətraflı bəhs edən ölkə Prezidenti vurğuladı ki, təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur. Daha sonra 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, son onilliklərdə nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Üçüncü təcrübə isə sülh təcrübəsidir - sülhə necə nail olmaq olar. Bu isə asan iş deyil: “Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur”.
Dünyada hazırda baş verənlər - yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur. İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur.
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı dövrün mühüm çağırışları, dünyaya mesajları ilə zəngin olur. Azərbaycanın regionda və dünya siyasətində artan rolu göz qabağındadır. Hər bir məsələnin həllində ölkəmizin mövqeyinə xüsusi önəm verilir. Bu da Azərbaycanın hər zaman ədalətin və beynəlxalq hüququn yanında olmasından, dünyaya sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışlarını real addımları ilə təsdiqləməsindən irəli gəlir.
