Xəbərlər
YAP Şamaxı rayon təşkilatının 33 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, ADPU Şamaxı filialının direktoru Tünzalə Yusifova, 9 saylı ərazi partiya təşkilatının sədri Şasəddin Mikayılov və Şamaxı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Nəzakət Abdulrazaqova və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində mühüm rol oynayan siyasi təşkilatdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya qısa müddətdə xalqın etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib. Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ölkəmizin sabitliyinin qorunmasına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və vətəndaşların rifahının yüksəldilməsinə mühüm töhfələr verir.
Sonra partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.
