Xəbərlər
Ana dilimizin ən etibarlı dayağı
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri
Azərbaycanda 8 Mart-Beynəlxalq Qadınlar Günü yüksək səviyyədə qeyd olunur. Azərbaycan xalqının əsrlərdən bəri qoruduğu milli-mənəvi dəyərlər arasında hamı üçün müqəddəs olan qadına hörmət, anaya qayğı həmişə üstün olub.
Ulu Öndər Heydər Əliyev istər Sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan qadınlarının problemləri ilə yaxından maraqlanmış, ölkənin ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvə olan qadın hərəkatının genişlənməsini daim diqqətdə saxlamışdır. Ölkəmizdə insan hüquq və azadlıqlarının, onun tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin tərkib hissəsi kimi diqqətdə saxlanılır. İnsan amilinə daim diqqətlə yanaşan Prezident İlham Əliyevin imzaladığı fərmanlar, sərəncamlar cəmiyyətin inkişafında, sağlam ailə institutunun formalaşmasında xüsusi rolu olan qadınları daha çox sevindirmişdir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə qadın hərəkatı, gender siyasəti uğurla davam etdirilir.
Xalqımızın qəhrəmanlıq tarixində izləri qalan Sara xatun, Tomris ananın davamçıları olan, müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanınmış Azərbaycan qadınları dövlətə sədaqəti və fədakarlığı ilə seçilmişdir. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstərmişdir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycanda yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisə kimi dəyərləndirildi. Ölkəmizdə cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun artırılması, mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə təmsil olunması Azərbaycanda qadın hüquqlarının qorunmasının və təbliğinin nümunəsidir. Qadınlarımızın ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir.
