YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan qadını”

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının yaranmasının 33 illiyi münasibətilə Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda fəal qadınların iştirakı ilə tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artmasının və fəaliyyət dairəsinin genişlənməsinin ölkəmizin mühüm nailiyyətlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın hüquqlarının müdafiəsinə yönəlmiş mühüm fərman və sərəncamlar imzalanıb. Hələ 1969-cu ildən başlayaraq dövlət strukturlarında və məsul ictimai vəzifələrdə qadınların irəli çəkilməsi bu siyasətin bariz nümunəsi olub.

Qeyd edilib ki, 1993-cü ildən sonrakı mərhələdə də qadınların aktiv fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb. Dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi və bu məsələnin dövlət səviyyəsinə qaldırılması məhz Ümummilli Liderin adı ilə bağlıdır. Heydər Əliyev qadınların idarəetmə və qərarqəbuletmə proseslərində, eləcə də sosial həyatın bütün sahələrində fəal iştirakını vacib hesab edirdi.

Vurğulanıb ki, Ulu Öndərin rəhbərliyi dövründə dövlət qadın siyasətinin hüquqi bazası möhkəmləndirilib, qadınların ictimai-siyasi həyata geniş cəlb olunması təmin edilib. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan qadını beynəlxalq aləmdə layiqli mövqe qazanıb.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, “Şəhər 1 saylı tam orta məktəb” ərazi partiya təşkilatının sədri, şəhid anası Mehriban Sultanova, Ərkivan qəsəbə 4 saylı məktəbin müəllimi Əzizə Əzimova, fəal qadınlar Lətifə Qənbərzadə, Mehsaba Aslanova, Günay Xəlilova və digərləri çıxış edərək bildiriblər ki, Ümummilli Liderin qadınlarla bağlı imzaladığı fərman və sərəncamlar qadın hüquqlarının təminatı istiqamətində mühüm tarixi addımlar olub. Qeyd edilib ki, Azərbaycan qadınları dövlət quruculuğunun bütün mərhələlərində fəal iştirak edərək ictimai-siyasi sabitliyin qorunmasına və milli dövlətçiliyin möhkəmləndirilməsinə öz töhfələrini verirlər.