YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qarşıdurmadan sabitliyə”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının Qarayeri ərazi partiya təşkilatında “Qarşıdurmadan sabitliyə” mövzusunda partiya üzvləri ilə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, qarşıdurmadan sabitliyə gedən yol Azərbaycan xalqının taleyində mühüm mərhələ təşkil edir. O qeyd edib ki, məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

G.Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl daxili və xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirib, ölkəmiz regionda sabitlik və sülh məkanına çevrilib.

O, həmçinin Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, bu ali mükafat dövlət başçısının yalnız regional deyil, qlobal miqyasda sülhə, multikulturalizmə, dinlər və xalqlar arasında dialoqa verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Bu təltif, eyni zamanda, Azərbaycanın humanizm, tolerantlıq və birgəyaşayış dəyərlərinə sadiqliyinin dünyaya təqdimatıdır.

Daha sonra tədbirdə çıxış edən partiya fəalları Mahirə Məmmədova, Təriqət Abdullayeva, Sevil Əliyeva, Samirə Məmmədova və Nizami Hüseynov Prezident İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən siyasəti və xalq-iqtidar birliyinin ölkəmizin inkişafında oynadığı mühüm roldan danışıblar. Qeyd edilib ki, Azərbaycanın bu gün əldə etdiyi sabitlik, təhlükəsizlik və beynəlxalq etimad məhz dövlət başçısının düşünülmüş və ardıcıl siyasətinin nəticəsidir.

Çıxış edənlər “Zayed İnsan Qardaşlığı Mükafatı”nın bütün Azərbaycan xalqı üçün böyük qürur mənbəyi olduğunu vurğulayıblar.