Xəbərlər
Daşkəsən rayonunun Bayan kəndində Qərbi azərbaycanlılarla görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının, Daşkəsən Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Bayan kəndində Qərbi azərbaycanlılarla görüş keçirilib.
Görüşün əsas məqsədi Daşkəsən rayonunda yaşayan Qərbi Azərbaycan İcmasının üzvləri ilə bir araya gələrək qayıdış hüququnun təşviqi, həmçinin onların adət-ənənələrinin, folklorunun və mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə həyata keçirilən fəaliyyətləri müzakirə etmək, qarşıdakı dövrdə atılacaq addımları müəyyənləşdirmək olub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə RİH-in məsul əməkdaşı Elmar Əliyev, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəsi Malik Ələsgərov, YAP Daşkəsən rayon təşkilatının məsləhətçisi Sərdar Xıdırov, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, icma üzvləri Etibar Alıyev, Məmməd Məmmədov və digərləri çıxış ediblər.
Natiqlər ötən əsrdə baş vermiş Qərbi azərbaycanlıların deportasiyalarını xatırladıb, onların doğma yurdlarına qayıtmaq uğrunda apardıqları əzmkarlıqdan danışıblar. Həqiqətlərin geniş yayılması, tarixi ədalətin bərpa olunması və Qərbi azərbaycanlıların ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtması üçün Daşkəsəndə yaşayan icma üzvlərinin dəstəyi yüksək qiymətləndirilib. Qərbi azərbaycanlıların haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının və qayıdış hüququnun siyasi-hüquqi müstəvidə tanınmasının dövlət siyasətinin mühüm istiqamətlərindən olduğu qeyd edilib.
Tədbirin sonunda Qərbi Azərbaycan xronikasını əks etdirən videomateriallar nümayiş olunub.
