Xəbərlər
Yeni geosiyasi reallıqlar fonunda gərinləşən əməkdaşlıq
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Bakı ilə Əbu-Dabi arasında münasibətlərin artıq sıradan diplomatik təmas mərhələsindən çıxaraq yetkin və çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini açıq şəkildə nümayiş etdirir. Qısa tarixi dövr ərzində BƏƏ Azərbaycanın Yaxın Şərqdə ən yaxın tərəfdaşlarından birinə çevrilib və bu əməkdaşlıq təkcə ticarət-iqtisadi sahə ilə məhdudlaşmır. Enerji, investisiya, “yaşıl” texnologiyalar, humanitar əlaqələr və xüsusilə təhlükəsizlik istiqamətləri münasibətlərin əsas sütunlarını formalaşdırır. Azərbaycanın iqtisadi transformasiya və postmünaqişə mərhələsində həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq proqramlarında BƏƏ şirkətlərinin fəal iştirakı, bərpa olunan enerji layihələrinə göstərilən maraq tərəfdaşlığın real və praktik məzmununu ortaya qoyur.
Ötən ilin sentyabrında BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın Bakıya və Şuşaya səfəri bu münasibətlərə xüsusi siyasi və simvolik çalar verdi. Qarabağa edilən bu səfər Azərbaycanın regionda yaratdığı yeni reallıqların qəbul edildiyini, ölkəmizin suveren seçiminə hörmətlə yanaşıldığını göstərdi. Eyni zamanda, postmünaqişə dövründə həyata keçirilən yenidənqurma proseslərinə açıq dəstək ifadə olunaraq BƏƏ-nin Azərbaycanı uzunmüddətli tərəfdaş kimi gördüyü mesajı verildi. Bu addım Cənubi Qafqazda sabitliyin möhkəmlənməsində Azərbaycanın rolunun yüksək qiymətləndirildiyini də təsdiqlədi.
Prezident İlham Əliyevin hazırkı səfəri həmin siyasi xəttin ardıcıl davam etdiyini sübut edir. Tərəflər münasibətləri yalnız bəyanatlar üzərində deyil, konkret layihələr, institusional mexanizmlər və uzunmüddətli planlar əsasında inkişaf etdirirlər. Yüksək səviyyəli dialoqun intensivliyi göstərir ki, Bakı və Əbu-Dabi qarşılıqlı maraqlara söykənən əməkdaşlıq modelini sistemli şəkildə qurur. Bu çərçivədə təhlükəsizlik sahəsində əməkdaşlıq xüsusilə diqqət çəkir. Birgə hərbi təlimlərin keçirilməsi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. İndiyədək Azərbaycan bu cür dərin hərbi koordinasiyanı əsasən Türkiyə ilə həyata keçirirdi, indi isə strateji etimad dairəsinə BƏƏ-nin də daxil olması münasibətlərin miqyasının genişləndiyini göstərir.
Bu hərbi əməkdaşlıq təkcə döyüş hazırlığı ilə məhdudlaşmır. Buraya silahlı qüvvələr arasında operativ əlaqələrin qurulması, təcrübə mübadiləsi və ümumi müdafiə potensialının gücləndirilməsi daxildir. Əslində, söhbət müsəlman dünyasında təhlükəsizlik sahəsində yeni tərəfdaşlıq modelinin formalaşmasından gedir ki, bu model real qarşılıqlı fəaliyyətə əsaslanır və qardaşlıq münasibətlərinin praktik təzahürü kimi qiymətləndirilə bilər. Belə bir yanaşma regional sabitliyin möhkəmləndirilməsi və ortaq təhlükəsizlik çağırışlarına çevik cavab verilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan–BƏƏ yaxınlaşmasının daha geniş geosiyasi ölçüsü də mövcuddur. Qlobal güc balanslarının yenidən formalaşdığı, beynəlxalq münasibətlərin sürətlə dəyişdiyi bir mərhələdə Azərbaycan Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya arasında körpü rolunu getdikcə gücləndirir. BƏƏ isə Bakını regionda sabitliyə töhfə verə bilən, etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi qəbul edir. Bu qarşılıqlı yanaşma radikal meyllərin qarşısının alınması, konstruktiv regional gündəliyin təşviqi və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi baxımından da mühüm rol oynayır.
Eyni zamanda, enerji və yaşıl texnologiyalar sahəsində əməkdaşlıq münasibətlərin strateji mahiyyətini daha da dərinləşdirir. Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirmək istiqamətində atdığı addımlar, postmünaqişə bölgələrində ekoloji dayanıqlığa əsaslanan layihələrin icrası BƏƏ-nin investisiya potensialı ilə uzlaşır. Bu sahədə ortaq təşəbbüslər həm iqtisadi inkişafı stimullaşdırır, həm də Azərbaycanın yeni enerji gündəliyinin beynəlxalq tərəfdaşlar tərəfindən dəstəkləndiyini göstərir.
Qarşılıqlı etimadın yüksəlməsi, çoxşaxəli əməkdaşlığın genişlənməsi və institusional əlaqələrin möhkəmlənməsi gələcəkdə münasibətlərin daha da dərinləşəcəyini göstərir. Bu iki ölkə sürətlə dəyişən dünya reallıqları fonunda ortaq mövqelərdən çıxış edərək regionda davamlı sabitliyə və təhlükəsizliyə mühüm töhfələr vermək niyyətindədir.
