YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasət: dayanıqlı sülh naminə strateji fəaliyyət

Nazim İsmayılov

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü

Gündən-günə yüksələn, dünya dövlətləri arasında şərəfli yerlərdən birini tutan Azərbaycanın Avropa, türk dövlətləri ilə birgə, habelə ərəb ölkələri arasında da yeni, səmərəli dostluq və beynəlxalq   münasibətləri  getdikcə yeni inkişaf mərhələsinə  doğru inamla irəliləməkdədir. Azərbaycanımızın Qalib və Müzəffər Prezidenti İlham Əliyevin bu ölkələrə səfərləri, həmçinin həmin  ölkələrin liderlərinin Azərbaycana gəlişlərinin  dinamik  şəkildə genişlənməsi beynəlxalq  əlaqələrin yüksəlişindən xəbər verir. 2025- ci ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi gəlişi, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin bu ölkəyə işgüzar səfəri hələ də mütərəqqi,  operativ dünya mediyasının köhlənməyən siyasi mövzularından biri kimi gündəmdən düşmür.  Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri dost ölkənin Prezidentinin işğaldan azad edilmiş ərazimizdə, Füzuli Beynəlxalq Hava Limanında qarşılanması  yaddaşlarda xoş bir məmunluqla yaşamaqda və xatırlanmaqdadır. Füsunkar, qədim Qarabağın tacı,  artıq diplomatik mərkəzə çevrilən  Şuşa  şəhəri Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin təkbətək və geniş tərkibdə mehriban, hərarətli  görüşlərinə şahidlik etdi.  İki ölkə arasında imzalanan sənədlər ictimai-siyasi, iqtisadi,beynəlxaq əlaqələrin gələcək inkişafında səmərəli və mükəmməl yol xəritəsi olaraq tarixin səhifələrində özünə yer aldı.

İki ölkənin birgə səyləri nəticəsində Azərbaycan-BƏƏ əlaqələri bundan sonra da gələcəyə yol açan və daim tərəqqi edən xətlə inkişaf edəcəkdir. Bu baxımdan dövlətimizin başçısının bu ilin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri  bütün tarixi məqamları özündə uğurla  ehtiva edir. Prezident İlham Əliyev səfər çərçivəsində Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşlərini diqqətlə izləyirdik.   Bu  mühüm, dövlət əhəmiyyətli hadisə, hamının üz- gözündə  fərəh çalarları yaradırdı. Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı üçün,həm də  ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, habelə mədəni, humanitar və digər istiqamətlərdəki   inkişafından yaranmaqda  olan ardıcıllıq məmnunluqla müşayət olunurdu.  Münasibətlərimizin genişlənməsində hər iki Prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi vurğulanırdı.Xalqımız bu ürək isindirən, arzularımızı qanadlandıran olayları fərəhlə izləyirdi. Əlbəttə,  hamımız yaxşı bilirik ki, Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlərin əvvəli hələ 1992-ci ildə qurulmuşdu. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf getdikcə daha da böyük önəm əldə edərək, diplomatik əlaqələrin möhkəmlənməsi, iki ölkə arasında münasibətlərin yeni istiqamətlər üzrə daha geniş imkanların yaradılması hələ  1993-cü ildə Ulu Öndərmiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edirdi. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman öz yüksək səviyyəsi,səmərəli dialoq mühitində   aktuallığını qoruyub saxlaması bu gün də  parlaq təzahürünü ehtiva edir.Bütün bu siyasi gedişləri daim və diqqətlə izləyən bir siyasət adamı kimi qeyd etmək istərdim ki, Azərbaycan-BƏƏ əlaqələrinin inkişafında enerji sektorunun  da öz xüsusi çəkisi vardır.Gəlin unutmayaq ki, zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan doğma  Azərbaycanımız bu sahədə imkanlarını getdikcə daha da şaxələndirir və elektrik enerjisi, əsasən də Yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi dönmədən, uğurla planlaşdırır. Axı iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən, dünyanı Bakıya meyilləndirən  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, yəni məşhur - COP29-un Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilmişdir. Həm də İki dost ölkə cərcivəsində  bərpaolunan enerji sahəsində əməkdaşlıq yüksək səviyyə gəlib çatmasında birgə səmərəli əməyin öz danılmaz rolu vardır.

Bir daha inamla vurğulayaq ki, ölkələrimiz arasında əlaqələrin inkişafında hüquqi baza olan sənədlərin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin  BƏƏ-yə işgüzar səfəri zamanı da hər iki  prezidentin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair mühüm sənəd imzalanmışdır. Bundan başqa  Azərbaycan Müdafiə Nazirliyi ilə BƏƏ Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da öz reallığını təsdiq etmişdir.Bu da böyük, tarixi əhəmiyyət kəsb edən bir məsələ kimi  qəbul olunmalıdır.

Haqqında söz açdığımız bu yüksək əhəmiyyətli  səfərin geniş  üfüqlərində  bu ilin fevral ayının 3-də Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini  qürurla izləyirdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü də diqqət çəkən məqamlar sırasında idi. Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışladı, Ermənistan və Azərbaycan arasında normallaşmaya   doğru gedən prosesinin ikitərəfli qaydada inkişafına,  hər iki tərəfin sülhün faydalarına real həyatda şahid olduqlarını bir daha önə çəkdilər. Həmin görüşdə tərəflər vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayaraq, etimad quruculuğu tədbirlərinin geniş surətdə həyata keçirilməsinin vacibliyini, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmaslarını davam etdirmək barədə razılığa gəldilər.

Artıq dünyanın bütün tərəqqipərvər ölkələrinə məlumdur ki, Azərbaycan həmişə sülh, əməkdaşlıq, birlik, təhlükəsizlik çağırışları ilə fərqlənən, hər vaxt buna can atan ölkə olmuşdur.  Ölkəmiz həm də bu qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının düzümlənib həyata keçirilməsinə davamlı  çağırışlar edərək, birliyin, həmrəyliyin yaradılmasına səs vermişdir.  2025-ci ilin iyulunda cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərində  də Azərbaycan və Ermənistan liderləri Əbu-Dabi şəhərində bir yerdə olarkən  regionda dayanıqlı,  möhkəm sülhün və təhlükəsizliyin təmin edilməsinə doğru atılmış addım kimi dəyərləndirmişdir.

Böyük bir inam hiss ilə qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizin və suverenliyimizin bərpasının reallıqları fonunda səsləndirdiyi çağırışışlar,  əsası əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil, müasir  xarici siyasətimiz həmişə Azərbaycanımızın  əsas istiqaməti olmuşdur. Getdikcə  bütün dünyada,     bütün qitələrdə bizi istəyənlərin sayı artır. Bu da ölkəmizin sülhsevər siyasətinin uğurlu nəticəsidir.

Cənab İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsinin fonunda bir daha Azərbaycan ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin, sülh quruculunun uğurlu nəticələrinin meydanına çevrilib. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu mükafatın təqdimolunma mərasimi hamının nəzəri-diqqətini cəlb etmişdir. Keçirilən  əlamətdar tədbir həm də Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətlərinin də dünəninə, bugününə və gələcəyinə bir təkan kimi tarixin səhifələrinə həkk olundu.  Məlumdur ki, Şeyx Zayed Mükafatı güclü mənəvi mesaj  xarakteri daşıyır. O,  dostluğun, qardaşlığın təhlükəsizlik, inkişaf və habelə insan ləyaqətinin təmin edilməsi üçün universal prinsip və praktiki təməl olduğunu bir daha  bütün dünyaya yaydı.  Bu mükafat Şeyx Zayed bin Sultan Al Nəhyanın dözümlülük, qarşılıqlı hörmət və dinc birgəyaşayışa əsaslanan davamlı irsini təcəssüm etdirir. Dövlətimizin başçısı İlham Əliyev öz  çıxışında çox uzaqgörəliklə və müdrükcəsinə dedi: “Dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq.” Prezidetimiz sülh məramlı, milli dövlətçilik fəlsəfəsinə əsaslanan dərin məzmunlu çıxışında daha sonra  əlavə etdi ki,- “Bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.” Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa da minnətdarlığını bildirən  İlham Əliyev  onu da vurğuladı ki,  2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etmişdir. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi hazırlanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır. Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur.

Qardaş Özbəkistanın  Prezidenti Şavkat Mirziyoyev videomüraciətində bu məqamı xüsusi qeyd etdi ki, bu gün dəyişkən dünyada məsuliyyətli liderlərə, sarsılmaz siyasi iradəyə və problemlərin dialoq vasitəsilə həllinə böyük ehtiyac duyulur. Hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə bu tərzdə qəbul edilən ibrətamiz qərarlar dövlətlər və xalqlar arasında sabitlik bünövrəsini və bir-birinə güclü etimadı yarada bilər. Lakin sülh kimi  çox qiymətli, əvəzsiz nemət öz-özünə yaranmır. Sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə güzəştlər yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq bacarığını tələb edir.

Zaman və dövr getdikcə sübut edib  göstərir ki, uzunmüddətli və dayanıqlı artım yalnız güzəştlər, qarşılıqlı hörmət və ehtiram mühiti yolu ilə əldə oluna bilər. Şeyx Zayedin “İnsan Qardaşlığı Mükafatı”nın laureatlarını – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı səmimiyyətlə təbrik edərək dedi ki,-Bu mənim üçün böyük şərəfdir. Uzun sürmüş münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri, heç şübhəsiz, bu nüfuzlu mükafata layiqdir. Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın, bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir. Biz istənilən mübahisənin, münaqişənin yalnız beynəlxalq hüquq və mehriban qonşuluq əsasında siyasi və diplomatik vasitələrlə həllinin tərəfdarıyıq. Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin beynəlxalq arenada humanist təşəbbüslərin fəal şəkildə təşviqinə, dialoqun ardıcıl şəkildə gücləndirilməsinə, Əbu-Dabinin qlobal sülh mərkəzinə çevrilməsinə verdiyi olduqca dəyərli töhfəsinə görə təşəkkürünü bildirən Özbəkstan Prezidenti Şavkat Mirziyoyev bu  bir daha  ifadə etdi ki, belə bir  nəcib və mərhəmətli işlər beynəlxalq ictimaiyyətin sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş ümumi səylərinə yeni təkan verəcəkdir.

Dövlətimizin başçısı İlham Əliyev mükafatlandırma mərasimini və münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsinin olduqca ruhlandırıcı olduğunu önə çəkərək, bu çağırışı diqqətə çatdırdı ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür!

Azərbaycan və BƏƏ neft kapitalının insan kapitalına çevrilməsi çağırışını,- etiraf etməliyik ki, bu mənalı və dərin məzmunlu ifadə Prezident İlham Əlievə məxsusdur,- yüksək səviyyədə yerinə yetirən ölkələrdir. Ötən il Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə üç dəfə səfər etmişdir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da ölkəmizdə rəsmi səfərdə oldu. Liderlərin intensiv təmasları Azərbaycan-BƏƏ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində iki ölkənin iqtisadi və hərbi sahədə əlaqlərinin inkişafına xidmət edəcək sənədlər imzalandı. Həmçinin Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər. Təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

Mənim siyasi təhlilim bundan ibarətdir:-Azərbaycanın xarici siyasətinin başlıca  prioritetləri olan Sülh, Təhlükəsizlik, Əməkdaşlıq çağırışlarının reallıqda özünün aydın ifadəsi Azərbaycan Respublikasının yenilməz Prezidenti cənab İlham Əliyevin sülh, ədalət, beynəlxalq hüquq çağırışlarına,  hər bir məsələdə onun  möhkəm, obyektiv dövlətçilik fəlsəfəsinə, böyük idarəçilik  prinsiplərinə söykənir.