YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tolerant ölkədir

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü. Dövlətimizin başçısının bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində mükafatın təqdimolunma mərasimi keçirildi.

Azərbaycan ilə BƏƏ arasındakı əlaqələr strateji xarakter daşıyır. Prezidentlərin qarşılıqlı səfərlərinin dinamikliyi, imzalanan sənədlər əlaqələrimizin gələcək inkişafının aydın mənzərəsini yaradır. Təkcə ötən il Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə üç dəfə səfəri olub. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın da ötən ilin sentyabrında ölkəmizə rəsmi səfəri oldu. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edir. İki ölkə arasında  dostluq  münasibətlərinin  inkişafı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkir. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına öz müsbət təsirini  göstərir.

Ulu Öndər Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də həmişə xüsusi diqqət yetirib. Ümummilli Liderin əsasını qoyduğu bu əlaqələr hazırda Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. 2006-cı ildə  Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verdi. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir.

Dövlətimizin başçısı İlham Əliyevin fevralın 2-də bu ölkəyə reallaşdırdığı işgüzar səfər mühüm məqamları ilə hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Diqqət göstərilən  məsələlərdən biri təbii ki, cənab İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsidir. Bu mükafat BƏƏ-nin banisi Şeyx Zayedin humanizmə, tolerantlığa, mədəniyyətlər və dinlərarası harmoniyaya əsaslanan baxışlarının davamı kimi təsis olunub. Prezident İlham Əliyev sözügedən təqdimolunma mərasimində “Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir” söylədi və bildirdi ki, o, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir: “Əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir”.

Azərbaycanın tarixi Zəfərinin, suverenliyinin tam bərpasının  yaratdığı reallıqlar əsasında beynəlxalq münasibətlər sistemində yeri və rolunu daha da möhkəmləndirdiyi günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Azərbaycan tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifini etdi. Bu mühüm addım göstərdi ki, Azərbaycan qələbədən sonra revanşizm siyasəti yürütmədi, sülhün təşəbbüskarı kimi çıxış etdi. Regionda dayanıqlı iqtisadi inkişafa nail olmaq, Ermənistanla münasibətlərdə yeni səhifə açmaq üçün sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirdi. Bu çağırış beynəlxalq ictimaiyyət üçün mühüm mesaj idi. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan təhlükəsiz gələcəyi qurmağa çalışan tərəf  olduğunu nümayiş etdirdi. Sülh istədi və buna nail oldu. Baxmayaraq ki, Zəfərimizdən ötən  müddətdə Ermənistan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışdı. Amma ölkəmiz səylərini davam etdirdi. Yekun nəticə ötən ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı əldə olundu. Dövlət başçısı İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışında  bildirdi ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.

Cənab İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, eyni zamanda, Azərbaycanın dünyaya nümunə olan  multikulturalizm və  tolerantlıq modelinə verilən yüksək dəyərdir. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bütün xalqların, millətlərin nümayəndələri mehriban, dostluq şəraitində yaşayırlar. Azərbaycan yerləşdiyi coğrafi məkana uyğun olaraq  müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir, onlar arasında körpü rolunu oynayır. Ölkəmiz multikultural dəyərlərin inkişafına davamlı töhfələri ilə diqqətdədir.