YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişaf, tərəqqi və davamlı müasirləşmə siyasəti

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ali və yüksək səviyyədə qarşılıqlı səfərlər, fəal siyasi təmaslar, beynəlxalq platformalarda səmərəli əməkdaşlıq, aktiv parlament diplomatiyası və müxtəlif sahələr üzrə dinamik fəaliyyət ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin etmişdir. Bu münasibətlər qarşılıqlı etimada, ortaq dəyərlərə və uzunmüddətli maraqlara əsaslanır.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 fevral 2026-cı ildə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində etdiyi çıxış xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışı müasir beynəlxalq münasibətlər sistemində getdikcə daha çox önəm qazanan mənəvi dəyərlərin, tolerantlığın və sülh mədəniyyətinin Azərbaycan modeli ilə tam uzlaşdığını aydın şəkildə nümayiş etdirmişdir.

Prezident İlham Əliyev mərasimdəki çıxışında bu nüfuzlu mükafatı Azərbaycan xalqına və onun əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinə göstərilən ehtiram kimi dəyərləndirmişdir. O vurğulamışdır ki, Azərbaycan tarixən müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı məkan olmuş, multikulturalizm və qarşılıqlı hörmət bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qorunub saxlanılır.

Yüksək səviyyəli siyasi münasibətlər Azərbaycanla BƏƏ arasında iqtisadi əməkdaşlığın sürətlə genişlənməsini şərtləndirən əsas amillərdəndir. Xüsusilə BƏƏ sərmayələrinin iri həcmdə Azərbaycanın bərpaolunan enerji sektoruna yönəldilməsi, eləcə də iki ölkə vətəndaşlarının ümumvətəndaş pasportları ilə qarşılıqlı viza rejimindən azad edilməsi iqtisadi və humanitar əlaqələrin inkişafına güclü təkan vermişdir. Bu gün Azərbaycan və BƏƏ ticari-iqtisadi sahədə geniş və çoxşaxəli əməkdaşlıq həyata keçirən tərəfdaş ölkələrdir.

Son illərdə Azərbaycan–BƏƏ əməkdaşlığı yalnız ikitərəfli münasibətlər çərçivəsi ilə məhdudlaşmayaraq daha geniş region üçün də mühüm strateji əhəmiyyət kəsb etməyə başlamışdır. Bu tərəfdaşlıq siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı investisiyalar vasitəsilə regional sabitliyə və davamlı inkişafa töhfə verir. Xüsusilə enerji sahəsində əməkdaşlıq diqqətəlayiqdir: Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm aktor kimi çıxış edir, BƏƏ isə investisiya imkanları və qabaqcıl texnologiyaları ilə bu sahədə əsas tərəfdaşlardan biridir. Bu sinerji enerji layihələrinin şaxələndirilməsinə və dayanıqlılığın artırılmasına xidmət edir.

Prezident İlham Əliyev çıxışında müasir dünyada artan siyasi, dini və mədəni ziddiyyətlər fonunda insan qardaşlığı ideyasının xüsusi aktuallıq daşıdığını qeyd etmiş, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətə və beynəlxalq hüquq prinsiplərinə sadiqliyin vacibliyini vurğulamışdır. Dövlət başçısı Azərbaycanın regional və qlobal səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə bundan sonra da töhfə verməyə hazır olduğunu bəyan etmişdir.

Prezident İlham Əliyev mərasimdəki çıxışında Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarına minnətdarlığını bildirib: "Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq".

Dövlət başçısı tərəflərin sülh şəraitində yaşamağa öyrəndiklərini vurğulayaraq bunun xüsusi bir hiss olduğunu qeyd edib: "Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur".

Azərbaycanla BƏƏ arasında formalaşmış strateji tərəfdaşlıq modeli siyasi, iqtisadi və mənəvi dəyərlərin vəhdətinə əsaslanır. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı bu münasibətlərin ideoloji və humanitar əsaslarını bir daha ön plana çıxarmış, Azərbaycanın tolerantlıq, multikulturalizm və sülh dəyərlərinə sadiq dövlət kimi beynəlxalq nüfuzunu təsdiqləmişdir.