Xəbərlər
Regional reallıqlar və sülh gündəliyi: postmüharibə dövrünün çağırışları
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində olduqca mühüm məsələləri əhatə edən mövzular ətrafında Ona ünvanlanan sualları ətraflı və tam dolğun şəkildə cavablandırıb. Dövlətimizin başçısı ötən ilin ölkəmiz üçün bütün sahələrdə uğurla müşahidə edildiyini vurğulayıb. Qeyd edilib ki, 2025-ci ildə əldə edilən nailiyyətlər fonunda Azərbaycanın enerji ixracı, regional əməkdaşlıq və bu sahədə əldə olunan nailiyyətlər, infrastruktur layihələrinin icrası, rəqəmsal və texnoloji inkişaf, sosial, əmək bazarı ilə yanaşı digər proqramlar uğurla icra olunub.
Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova ölkə başçısının müsahibəsində toxunduğu mühüm məsələlərin əhəmiyyətindən bəhs edərkən deyib.
O qeyd edib ki, müəyyənləşmiş strategiyaya uyğun olaraq 2026-cı ilin də ölkəmizin bütün sahələrində müvəffəqiyyətlərlə yadda qalacağına əminlik mövcuddur: “Sözsüz ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsi ölkənin daxili və xarici siyasət prioritetlərinin, regional proseslərə baxışının, eləcə də postmünaqişə dövründə qarşıya qoyulan strateji hədəflərin sistemli şəkildə təqdimatı baxımından mühüm əhəmiyyət kəsb edir. Müsahibədə səsləndirilən fikirlər dövlətin mövcud siyasi kursunun ardıcıllığını və uzunmüddətli inkişaf strategiyasını aydın şəkildə əks etdirir.
Ölkə başçısının müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərində formalaşmış yeni siyasi reallıqlara toxunaraq münaqişənin artıq hərbi mərhələsinin arxada qaldığını, hazırkı mərhələdə sülh və əməkdaşlıq üçün real imkanların mövcud olduğu vurğulanıb. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin dəyişməz qaldığı, regionda davamlı sülhün yalnız qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınması əsasında mümkün olduğu bir daha qeyd olunub. Təbii ki, bu yanaşma Azərbaycanın regional siyasətinin konstruktiv xarakter daşıdığını və qarşıdurmadan deyil, əməkdaşlıqdan çıxış etdiyini göstərir. Eyni zamanda, Prezidentin bəyanatları sülh prosesində məsuliyyətin qarşı tərəfin üzərinə də düşdüyü mesajını ehtiva edir.
Bütün bunların fonunda Azərbaycanın Cənubi Qafqaz və daha geniş Avrasiya məkanında artan geosiyasi rolu da ölkəmizin başçısı tərəfindən xüsusi ilə diqqətə çatdırılıb. Prezident İlham Əliyev ölkənin Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat və logistika qovşağına çevrildiyini, həyata keçirilən beynəlxalq layihələrin regional əməkdaşlığa töhfə verdiyini bildirib. Bu kontekstdə səsləndirilən fikirlər Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də beynəlxalq nəqliyyat və ticarət marşrutlarının təhlükəsizliyini təmin edən etibarlı tərəfdaş kimi mövqeyini gücləndirdiyini göstərir.
Prezident müsahibəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə, eləcə də “Böyük Qayıdış” proqramının icrasına dair ətraflı məlumat verdi. Dövlət başçısı infrastruktur layihələrinin, yaşayış məntəqələrinin, sosial obyektlərin planlı şəkildə inşa olunduğunu və mərhələli qaydada əhalinin doğma torpaqlarına qayıdışının təmin edildiyini vurğuladı.
Bu siyasət sosial ədalətin bərpası ilə yanaşı, uzunmüddətli regional inkişafın və dayanıqlı məskunlaşmanın əsasını təşkil edir. Prezidentin açıqlamaları göstərir ki, bərpa prosesi yalnız fiziki infrastrukturla məhdudlaşmır, eyni zamanda iqtisadi və sosial həyatın tam canlandırılmasını hədəfləyir”.
Deputat həmçinin ölkə başçısının müsahibəsində enerji sahəsində əldə olunan nəticələrə də toxunulduğunu bildirib: “Azərbaycan qazının ixrac coğrafiyasının genişləndiyini, Avropa və digər bazarlarda ölkəyə olan etimadın artdığı qeyd edildi. Bununla yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi təqdim olunub. Bu strategiya Azərbaycanın iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji bazarlarında uzunmüddətli sabit mövqeyinin təmin olunmasına xidmət edir.
Ölkəmizin başçısının müsahibəsində xüsusi yer tutan əsas mövzulardan biri Azərbaycan-Amerika münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması oldu. 2025-ci il bu münasibətlərin tarixində dönüş nöqtəsi olduğu vurğulandı. Bakı-Vaşinqton arasında münasibətlərin inkişafına ciddi maneə yaradan 907-ci düzəlişin aradan qaldırılması üçün atılmış addımların mahiyyəti önə çəkildi. Sözsüz ki, 907-ci düzəlişin qəbulu mahiyyətinə görə həm siyasi, həm də hüquqi baxımdan Azərbaycana qarşı açıq ədalətsizliyi ehtiva edirdi. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi, Xocalı soyqırımının törədildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir dövrdə bu ölkəmizə qarşı ikili standartların açıq təzahürü kimi özünü göstərmişdi. Dövlət başçısı haqlı olaraq diqqətə çatdırır ki, 907-ci düzəlişin qüvvədə qalmasının əsas səbəblərindən biri də 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olan səriştəsiz və qeyri-peşəkar siyasi idarəetmə idi. Eyni zamanda ABŞ-in sabiq prezidentləri olan Barak Obama, Cozef Bayden və dövlət katibi Entoni Blinken administrasiyası dövründə iki ölkə münasibətləri arzuolunan səviyyədə deyildi. Bu gün isə Donald Trampın rəhbərliyi ilə yeni ABŞ Administrasiyası iki dövlət arasında münasibətlərdə yeni siyasi atmosfer formalaşıb. Məhz Trampın iştirakı ilə 907-ci düzəlişə faktiki olaraq son qoyulması bunun bariz nümunəsidir. Bununla yanaşı, Azərbaycan-ABŞ strateji işçi qrupunun yaradılması və strateji tərəfdaşlıq xartiyasının hazırlanması münasibətlərin institusional müstəviyə keçdiyinin bariz nümunəsidir.
Burada xüsusi ilə Zəngəzur dəhlizinin açılması istiqamətində ölkə başçısının da bəyan etdiyi kimi ABŞ-in iştirakı ilə əldə edilən razılaşmalar regional kommunikasiya xəttlərinin blokadadan çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Həmçinin 2025-ci ildə Azərbaycan ilə Çin Xalq Respublikası arasında Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanması ölkəmizin D-8 və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv statusu qazanması tarixi nailiyyətlər idi. Eyni zamanda türk dünyasının birliyinə xidmət edən addımlar bu xüsusda mühüm önəm kəsb edir. Azərbaycanla Türk dünyası və Türk Dövlətləri Təşkilatı arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiamətində atılan addımlar bu birliyin güclənməsinə xidmət edib”.
Sevinc Hüseynova vurğulayıb ki, Prezidentin müsahibəsində Azərbaycan dilinin saflığının qorunması eyni zamanda milli kimliyin, dövlətçiliyin və siyasi müstəqilliyin əsas sütunlarından biri hesab edilir: “Azərbaycan xalqı tarix boyu öz dilini qoruyub saxlayıb və onu nəsildən-nəslə ötürməyi bacarıb. Bu gün də xalqımız müasir dövrün çağırışlarına adekvat olaraq öz milli kimliyini xüsusən də dilimizin bütünlüyünü qoruyub saxlayır.
Bu mənada Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın müasir inkişaf mərhələsini, strateji hədəflərini və regional baxışını əhatə edən konseptual sənəd xarakteri daşıyır. Müsahibədə səsləndirilən fikirlər dövlət siyasətinin ardıcıllığını, milli maraqlara əsaslanan müstəqil kursun davam etdirildiyini və postmünaqişə dövründə ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu aydın şəkildə ortaya qoyur.
Bu baxımdan müsahibə həm daxili ictimaiyyət, həm də beynəlxalq tərəfdaşlar üçün Azərbaycanın mövqeyini izah edən mühüm siyasi mesajlar toplusu kimi dəyərləndirilə bilər”.
